...

İsveçrə Azərbaycanda kənd təsərrüfatı sahəsində mikrosığorta layihələrini həyata keçirməkdə maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 17:59 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şox ilə görüşüb. Görüşün əsas məqsədi kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın müzakirəsi olub.
İsveçrə Azərbaycanda kənd təsərrüfatı sahəsində mikrosığorta layihələrini həyata keçirməkdə maraqlıdır

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şox ilə görüşüb. Görüşün əsas məqsədi kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın müzakirəsi olub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, H.Əsədov İsveçrə Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini və bu təşkilatla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, Azərbaycan və İsveçrə Konfederasiyası arasında aqrar sahədə mövcud əməkdaşlıq və Azərbaycanın kənd təsərrüfatı sektorunda mütərəqqi dəyişikliklərin dəstəklənməsində İsveçrə hökumətinin verdiyi töhvədən danışıb.

Görüşdə İsveçrə ilə kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, aqrar yönümlü təhsil müəssisələrinin tələbələrinin İsveçrənin müxtəlif fermer təsərrüfatlarında təcrübə keçmələri və aqrar yönümlü universitetlərində magistratura təhsili alma imkanları və digər əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir tədarük məntəqələrinin yaradılması və fermerlərin bura inteqrasiyası, heyvanların kəsim sexlərinin təşkilində məsləhətçilərin hazırlanması, uzunmüddətli treninqlərin keçirilməsi, ixtisaslı kadrların hazırlanması, süni mayalanma işlərinin təşkilinə, fermerlərin təlim mərkəzinin yaradılmasına ehtiyac olduğunu və bu sahədə ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb.

İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru R.Şox təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələrin səmərəliyindən danışıb. O, qeyri-neft sektorunun prioritet sahə olduğunu qeyd edərək, əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin bu sahənin inkişafına təkan verəcəyini bildirib.

Regional direktor deyib ki, həyata keçirilən layihələrin məqsədi kiçik fermer təsərrüfatlarının bazar sistemlərindən faydalanması, biznes qurumlara çevrilməsi və davamlılığı təmin etməkdir. O, istehsaldan istehlaka qədər xidmət işlərinin aparılması, biznes planların hazırlanmasına köməklik, süni mayalanma işlərinin həyata keçirilməsi, fermerlərin bilik və təcrübələrinin artırılmasına ehtiyac olduğunu bildirərək, bu məqsədlə peşə təlim mərkəzlərinin yaradılmasının vacibliyini qeyd edib.

R.Şox kənd təsərrüfatı sahəsində sığorta sisteminin tətbiqi, hazırda Gürcüstanda mikrosığorta layihələrinin həyata keçirilməsi və bu layihələri gələcəkdə Azərbaycanda da tətbiq etməkdə maraqlı olduğunu qeyd edib.

Yekunda H.Əsədov təkliflərin ümumiləşdirilib həyata keçirilməsi məqsədilə anlaşma memorandumunun hazırlanması və koordinatorların təyin olunmasını məqsədəmüvafiq hesab edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti