...

Azərbaycanda gəlir vergisi bəyannamələrinin təqribən 97 faizi vaxtında təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2014 20:22 (UTC +04:00)
2013-cü ilin yekunlarına görə gəlir vergisi bəyannamələrinin 96,8%-i, mənfəət vergisi bəyannamələrinin 93,7%-i, əmlak vergisi bəyannamələrinin 91,2 %-i və yol vergisi bəyannamələrinin 96,6%-i vaxtında təqdim edilib.
Azərbaycanda gəlir vergisi bəyannamələrinin təqribən 97 faizi vaxtında təqdim olunub

Azərbaycan, Bakı, 16 aprel /Trend/

2013-cü ilin yekunlarına görə gəlir vergisi bəyannamələrinin 96,8%-i, mənfəət vergisi bəyannamələrinin 93,7%-i, əmlak vergisi bəyannamələrinin 91,2 %-i və yol vergisi bəyannamələrinin 96,6%-i vaxtında təqdim edilib.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə isə hesabat dövrünün yekunları üzrə təqdim edilməli olan bəyannamədən 93,9%-i vaxtında, habelə vaxtında təqdim edilmiş bəyannamələrdən 94,5%-i elektron qaydada təqdim edilib.

Qeyd edək ki, Vergi Məcəlləsinin müddəalarına əsasən mart ayının 31-dək hüquqi şəxslər mənfəət, əmlak və yol vergisinin, fiziki şəxslər isə gəlir vergisinin bəyannamələrini vergi orqanlarına təqdim etməli idilər.

Bu məqsədlə vergi orqanları tərəfindən geniş məlumatlandırma və izahat işləri aparılıb, vergi ödəyiciləri ilə görüşlər keçirilib. İllik vergi bəyannamələrinin vaxtında təqdim edilməsi və hesablanmış vergilərin ödənilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən xüsusi bildiriş və elan formaları hazırlanaraq yerli vergi orqanlarına göndərilib, kütləvi informasiya vasitələrində elanlar yayımlanıb.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsi və 195 Çağrı Mərkəzi vasitəsilə vergi ödəyicilərinin məlumatlandırılması işləri həyata keçirilib, vergi bəyannamələrinin vaxtında təqdim edilməsi məqsədilə vergi ödəyicilərinin telefon nömrələrinə mesajlar göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti