...

I rübdə Azərbaycanın xarici ticarət profisiti 1 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2014 13:38 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-mart aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 16,54 faiz azaldığını bildirib.
I rübdə Azərbaycanın xarici ticarət profisiti 1 milyard dolları ötüb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir E.Əliyev/

Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-mart aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 16,54 faiz azaldığını bildirib. Trend-in məlumatına görə, bu barədə Komitənin hesabatında deyilir.

Bu dövr ərzində Azərbaycan 116 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 7,14 milyard dollar təşkil edib. Xarici ticarət əməliyyatlarında 1,02 milyard dollara yaxın müsbət saldo yaranıb.

Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 3036 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 2220-si hüquqi, 816-i isə fiziki şəxsdir.

Yanvar-mart aylarında 5,38 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 15,26 faiz azdır.

İxrac əməliyyatlarında dövlət sektorunun payı 5,1 milyard dollar (94,8 faiz), özəl sektor - 268,17 milyard dollar (4,99 faiz), fiziki şəxslərin payı isə 11,37 milyon dollar (0,21 faiz) olub.

Yanvar-mart aylarının yekunlarına görə, idxal 1,76 milyard dollar təşkil edib ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 20,23 faiz azdır.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 389,77 milyon dollar (22,1 faiz), özəl sektor - 1,31 milyon dollar (74,2 faiz), fiziki şəxslərin payı isə 63,33 milyon dollar (3,7 faiz) olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan 1093 adda məhsul ixrac, 4372 adda məhsul isə idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti