...

Azərbaycanda məşğulluq xidməti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi müzakirə edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 14:01 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2014-cü ilin yanvar-mart aylarında 6191 nəfər vətəndaş münasib işlərlə təmin olunub.
Azərbaycanda məşğulluq xidməti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Aprelin 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının məsul şəxslərinin iştirakı ilə respublikada işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi və aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2014-cü ilin yanvar-mart aylarında 6191 nəfər vətəndaş münasib işlərlə təmin olunub, 268 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Xidmətin tabeliyindəki Əmək Birjaları 879 nəfəri müvəqqəti xarakterli işlərlə təmin edib. Həmçinin bu müddətdə 651 nəfər işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə 1422 nəfərə işsiz statusu verilib, 1603 nəfərə isə işsizlik müavinəti təyin olunub.

Nazir gənclərin düzgün ixtisas seçimi aparmalarına köməklik məqsədilə həyata keçirilən peşəyönümü tədbirlərindən də söz açaraq bildirib ki, qeyd olunan müddətdə əksəriyyəti yuxarı sinif şagirdləri olan 26 604 nəfər vətəndaşa peşəyönümü məsləhətləri verilib. Digər tərəfdən, respublikanın 32 rayon və şəhərindəki orta məktəblərdə, habelə Bakı şəhərindəki 33 orta məktəbdə valideynlərin, pedaqoji kadrların və yuxarı sinif şagirdlərinin iştirakı ilə peşəyönümü tədbirləri keçrilib: "Diqqətdə saxlanan məsələlərdən biri də valideyn himayəsindən məhrum olmuş və xüsusi internat məktəblərini tərk etməyə hazırlaşan gənclərin gələcək peşə-ixtisas seçiminə, əmək fəaliyyətinə başlamasına köməklik göstərilməsidir. Bununla bağlı olaraq, həmin insanlarla özündə sosial-adaptasiya elementlərini də birləşdirən peşəyönümü işləri aparılır".

Tələbə və məzunların əmək bazarına inteqrasiyası sahəsində görülən işlərdən də söz açan nazir gənclərin məşğulluğuna yönələn tədbirlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb: "Dünyanın bir çox ölkələrində işsizlik getdikcə ciddi sosial böhrana çevrildiyi halda, Azərbaycanda işsizlik kəskin surətdə azalıb. İndi bizim üçün əsas vəzifələrdən biri gənc işçi qüvvəsinin əmək bazarına çıxışının daha dolğun şəkildə dəstəklənməsini təmin etməkdir".

S. Müslümov mövcud işçi qüvvəsinin daim inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün peşə hazırlığı işlərinin gücləndirilməsinin, qadınların məşğulluğunun təminatına diqqətin artırılmasının vacibliyini qeyd edib: "Əlillik təyin olunmuş şəxslərin əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata alınması praktikasına artıq son qoyulub. İndi əsas məqsədimiz həmin şəxslərə işlə təmin olunmalarında fəal yardım göstərməkdir. Hesab edirəm ki, biz bu sahədə aktiv tədbirlərimizi xeyli gücləndirməliyik".

Nazir işəgötürənlər tərəfindən boş iş yerləri (vakansiyalar), işə qəbul edilən və işdən çıxarılanlara dair məşğulluq mərkəzlərinə statistik hesabat formalarının təqdim olunmasının bir çox hallarda formal xarakter daşıdığını, bu hesabatların verilməsinin əksər hallarda gecikdirildiyini vurğulayıb: "Təqdim olunan vakansiyaların keyfiyyəti də diqqətdə saxlanmalıdır. Lakin sirr deyil ki, bu vakansiyaların bir çoxunda qeyd olunan əmək haqqı əmək bazarındakı reallığı əks etdirmir və xeyli aşağı olur".

Hazırda nazirlik yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarında ümumilikdə 407 nəfərin çalışdığını qeyd edən nazir bu rəqəmin digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu, işçi sayının əhalinin say tərkibi ilə nisbətdə aşağı, xeyli az olmasının səmərəli aktiv məşğulluq tədbirlərinin təşkilində müəyyən çətinliklər yaratdığını da qeyd edib.

Müşavirədə məşğulluq xidməti orqanları tərəfindən aparılan işlər və məşğulluğun təminatı sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti