Azərbaycan, Bakı, 24 aprel /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, növbəti belə qəbul bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, Salyan və Hacıqabul rayonlarından olan vətəndaşlar üçün keçirilib.
40-dan çox vətəndaş vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı vergilər nazirinə müraciət edib.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.