...

Azərbaycanda 2020-ci ilədək nağdsız hesablaşmaların inkişaf strategiyası hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2014 15:57 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə 2020-ci ilədək nağdsız hesablaşmaların inkişaf strategiyasını hazırlayıb.
Azərbaycanda 2020-ci ilədək nağdsız hesablaşmaların inkişaf strategiyası hazırlanıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Emin Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə 2020-ci ilədək nağdsız hesablaşmaların inkişaf strategiyasını hazırlayıb.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Mərkəzi Bankın Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin rəhbəri Kəmalə Qurbanova deyib.

O bildirib: "Bir müddət əvvəl bizim tərəfimizdən 2012-2016-cı illərdə ölkədə nağdsız ödənişlərin inkişafı üzrə Dövlət Proqramının layihəsi hazırlanmışdı, lakin təəssüf ki, onun təsdiqlənməsi proseduru yubandı. 2015-2020-ci illərə şamil ediləcək və həmin vəzifələri əhatə edəcək yeni sənədin hazırlanması qərar alındı".

K.Qurbanova əlavə edib ki, sənəd layihəsi bu ilin sonuna kimi hökumətə təqdim ediləcək.

Onun sözlərinə görə, AMB bundan sonra da nağdsız hesablaşmaların stimullaşdırılması siyasətini, eləcə də müxtəlif tədbirlərin keçirilməsi yolu ilə əhalinin maliyyə savadlılığının artırılmasını həyata keçirmək niyyətindədir.

Dövlət Proqramı bir sıra istiqamətlər, o cümlədən elektron ödənişlər üçün infrastrukturun imkanlarının genişləndirilməsini, elektron ödənişlər üçün normativ-hüquqi bazanın gücləndirilməsini, əhalinin və təsərrüfat subyektlərinin yaradılan infrastruktura fəal şəkildə cəlb edilməsi, əhalinin maarifləndirilməsi üzrə tədbirləri nəzərdə tutur.

Bundan başqa, Mərkəzi Bank internet vasitəsilə alınan və elektron şəkildə ödənilə bəzi alqı-satqı növlərini gömrük yığımlarından azad etməyi təklif edir.

Bu, ikinci dövlət proqramı olmalıdır. 2005-ci ildə dövlət başçısının sərəncamı ilə ödəniş sistemlərinin inkişafı üzrə dövlət proqramı qəbul edilib. Onun çərçivəsində kompleks tədbirlər keçirilib və normativ-hüquqi aktlara düzəlişlər edilib. "İstehlakçıların hüquqlarının müdafiəsi" qanunu ilə sahibkarlar qarşısında POS-terminalların quraşdırılması vəzifəsi qoyulub. 2012-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ölkədə POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi qaydaları təsdiq edilib.

Qaydalarda fəaliyyət növündən asılı olaraq terminalların mərhələli şəkildə quraşdırılması və 2015-ci ilin sonunadək ölkənin bütün kənd və qəsəbələrində POS-terminalların quraşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti