...

Azərbaycan İpoteka Fondunun aktivləri 23 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2014 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) aktivləri 2013-cü ildə 22,82 faiz artıb. Trend-in məlumatına görə, bu barədə AİF-in ötən ilin yekunlarına həsr edilmiş maliyyə hesabatında deyilir.

Hesabata əsasən, ötən ilin sonuna AİF-in aktivləri 492,64 milyon manata çatıb. 2012-ci ildə bu rəqəm 401,11 milyon manata bərabər olub. Aktivlərin ümumi həcmindən 403,52 milyon manat verilmiş ipoteka kreditlərinin, 42,15 milyon manat ödəniş müddətinə qədər saxlanılan investisiyaların, 32,81 milyon manat isə banklardakı depozitlərin payına düşür. Aktivlərin qalan hissəsi pul vəsaitlərində və onların ekvivalentlərində, daşınmaz əmlaklarda, avadanlıqlarda və s. cəmləşib.

2013-cü ildə Fondun öhdəlikləri də artaraq təqribən 301,5 milyon manata çatıb. Əvvəlki illə müqayisədə öhdəliklərin artımı 18,7 faiz olub. Öhdəliklərin 97,6 faizi Fondun buraxdığı qiymətli kağızlarla təqdim olunub.

Dövlət büdcəsindən köçürmələri də özündə birləşdirən AİF-in məcmu kapitalı hesabat dövründə 191,16 milyon manat təşkil edib. Bu, 2012-ci ildə 147,14 milyon manat olub. Fond 2013-cü ili 4 milyon manatdan bir qədər çox mənfəətlə başa vurub. 2012-ci ilin nəticələri üzrə bu göstərici 3,42 milyon manat təşkil edib.

AİF-in maliyyə hesabatlılığının auditini "KPMG Azerbaijan Limited" şirkəti aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti