...

Azərbaycanda malların və nəqliyyat vasitələrinin bəyan edilməsinin yeni qaydası tətbiq edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2014 15:47 (UTC +04:00)
Azərbaycanın gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi 2014-cü il noyabrın 1-dən yeni qaydalarla aparılacaq.
Azərbaycanda malların və nəqliyyat vasitələrinin bəyan edilməsinin yeni qaydası tətbiq edilir

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlahə Məmmədli/

Azərbaycanın gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi 2014-cü il noyabrın 1-dən yeni qaydalarla aparılacaq.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş qaydalar cümə günü rəsmi mətbuatda dərc edilib.

Qaydalar ölkəyə gətirilən və çıxarılan mallara və nəqliyyat vasitələrinə şamil edilir.

Fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı - "Yaşıl kanal" və "Qırmızı kanal" buraxılış sistemləri tətbiq olunur. Müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla, "Yaşıl kanal" buraxılış sistemi fiziki şəxslər tərəfindən malların şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur. "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir.

Fiziki şəxsin mallarını "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmaması və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir.

Gömrük bəyannaməsi kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına təqdim edilə bilər. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim edilə bilər.

Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir.

Gömrük orqanları eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən müntəzəm olaraq keçirən şəxsə onları 30 gün müddətinə bir dövri bəyannamə əsasında keçirməsinə icazə verirlər.

Bu şərtlər 3 və ya daha çox partiya tədarük edilərkən tətbiq edilir.
Nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olduqdan sonra bir saat müddətində gömrük orqanlarına daxilolma haqqında məlumat verilməlidir.

Beynəlxalq hava, dəmiryol, dəniz, avtomobil nəqliyyatı daşımalarında istifadə edilən yüksüz və şərnişinsiz nəqliyyat vasitələrinin bəyan edilməsi Gömrük Məcəlləsinin tələblərinə uyğun aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti