...

Xətai və Suraxanı rayonlarının işəgötürənlərini əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə qaydaları barədə məlumatlandırılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2014 15:18 (UTC +04:00)
EİS-də qeydiyyatdan keçməyən əmək müqavilələri ilə işləyənlər qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olanlar hesab ediləcək
Xətai və Suraxanı rayonlarının işəgötürənlərini əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə qaydaları barədə məlumatlandırılıb  (FOTO)

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması məqsədilə növbəti "Açıq qapı" günü - vətəndaş forumunu bu gün Bakının Xətai rayonunda keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, paytaxtın Xətai və Suraxanı rayonlarının işəgötürənlərinin fəal iştirakı ilə keçən tədbirdə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, cari ilin 1 iyulundan əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiq olunmasının işçi və işəgötürənlər üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu tədbirin önəmli cəhətlərindən bəhs ediblər. Bildirilib ki, ölkəmizin əmək qanunvericiliyinə edilən dəyişikliyə əsasən, işçi və işəgötürənlər arasında bağlanan əmək müqavilələri, eləcə də bu müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi yalnız müvafiq bildiriş formalarında EİS-də qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir.

EİS-də qeydiyyatdan keçməyən əmək müqavilələri ilə işləyənlər əslində qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olanlar hesab ediləcək. Tədbirdə belə hallarla bağlı qanunvericilikdə nəzərdə tutulan cəza tədbirləri işəgötürənlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, ölkəmizin Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişini EİS-ə daxil etmək işəgötürənlərin vəzifələrindən biridir. Bu sahədə işəgötürənlərə əməli köməkliklər göstərilməsi üçün ƏƏSMN tərəfindən respublikanın bütün bölgələrində "Yardımçı masaları" yaradılıb. Eyni zamanda, onlar ƏƏSMN-nin 142 "Çağrı mərkəzi"ndən, nazirliyin rəsmi internet saytından (www.mlspp.gov.az) məlumatlar əldə edə bilərlər.

İşəgötürənlərə əmək müqaviləsi bildirişinin "Elektron hökumət" portalı (https://www.e-gov.az) üzərindən gücləndirilmiş elektron imza ilə EİS-ə daxil edilməsi qaydaları ilə bağlı praktik məlumatlar verilib, onların sualları cavablandırılıb. Ayrı-ayrı işəgötürənlər çıxış edərək, belə məlumatlandırma tədbirlərinin keçirilməsinin olduqca gərəkli və faydalı olduğunu vurğulayıb, bu tədbirdə əmək müqaviləsi bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsi ilə bağlı lazımi məlumatlara yiyələndiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti