...

Azərbaycanda bu ilin ötən dövrü ərzində sahibkarlara 185 milyon manatdan çox güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2014 16:28 (UTC +04:00)
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Azərbaycanda bu ilin ötən dövrü ərzində sahibkarlara 185 milyon manatdan çox güzəştli kredit verilib

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Gəncədə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Gəncənin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış yaşıl marketin, logistik mərkəzin, istixana kompleksinin və kiçik plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbirdə bildirilib ki, 2014-cü ilin ötən dövrü ərzində 3547 sahibkara 186 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4362 investisiya layihəsinin maliyyələşdirilməsinə 156.2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 21 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Həmçinin, indiyədək Gəncə şəhərindən olan 429 sahibkara 29.2 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 4000-ə yaxın yeni iş yerləri yaradılıb.

İşgüzar forum çərçivəsində Gəncə şəhəri və ətraf rayonlardan olan 70-dən çox sahibkara 1,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 150-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Forum çərçivəsində Gəncə şəhərində xalça və trikitaj məhsulları istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti