...

Baş nazir: Malayziya Azərbaycan üçün bütün sahələrdə etibarlı tərəfdaş olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2014 18:45 (UTC +04:00)
Sentyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Baş nazir: Malayziya Azərbaycan üçün bütün sahələrdə etibarlı tərəfdaş olacaq

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Sentyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Baş nazir Mohammad Najib Tun Abdul Razak bəyanatında deyib: "Cənab Prezident, məni ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Mənə və nümayəndə heyətimə göstərilən çox səmimi və mehriban qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən də mənim səfərimi tarixi səfər adlandırmaq olar. Çünki Malayziya Baş nazirinin Azərbaycana ilk səfəridir. Mən təyyarədən endiyim ilk andan çox təsirləndim. Təkcə inkişafın özü deyil, keyfiyyəti də məni valeh etdi. Sizin gələcəyə olan baxışlarınız məndə böyük təəssürat yaratdı. Təbii ki, ölkəmə qayıdandan sonra həmvətənlərimə Azərbaycana səfər etməyi tövsiyə edəcəyəm".

O, qeyd edib ki, Azərbaycan həqiqətən çox gözəl ölkədir: "Xəzər sahilində yerləşən bir dövlətiniz var. Bu gün qaldığım otağın pəncərəsindən baxanda məndə elə təəssürat yarandı ki, sanki böyük, gözəl bir istirahət məkanındayam. Həqiqətən də Azərbaycan mənim bu günə qədər səfər etdiyim ən gözəl ölkələrdən biri hesab oluna bilər.

Cənab Prezident, Sizə müdrik siyasətinizə və uzaqgörənliyinizə görə təşəkkür edirəm, eyni zamanda, nailiyyətlərinə görə Azərbaycan xalqını təbrik edirəm. Əminik ki, bizim birgə irsimiz, hətta oxşar dəyərlərimiz var. Biz haqq-ədalətin tərəfdarı olan ölkəyik. Bu səbəbdən də biz hər yerdə Azərbaycanın mövqeyini müdafiə edirik, xüsusilə də ərazi bütövlüyü məsələsində. Biz bundan sonra da qətiyyətli mövqe nümayiş etdirəcəyik. Haqq-ədalət Sizin tərəfinizdədir və biz hər zaman Sizinlə olacağıq. Eyni zamanda, mən Azərbaycana təşəkkür edirəm ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü məsələsində bizim ölkəmizi dəstəkləyib".

Baş nazir bildirib ki, bu gün təkbətək və geniş tərkibdə çox gözəl görüşümüz oldu və hər iki görüşün nəticəsi çox müsbətdir: "Qeyd edə bilərəm ki, enerji, neft və qaz sahələri diqqət mərkəzində olacaq. Bildiyiniz kimi, Malayziyanın, xüsusilə "Petronas" şirkətinin bu sahədə böyük təcrübəsi var. Zənnimcə, bu şirkət Azərbaycan ilə neft və qaz sahəsində yaxından əməkdaşlıq edə bilər. Eyni zamanda, təkcə neft-qaz sektorunda deyil, artıq istifadədən çıxarılmış neft və qaz sahələrinin reabilitasiyası məsələsində bizim böyük təcrübəmiz var. Digər tərəfdən, qeyd etmək istərdim ki, Azərbaycan qazının Avropaya nəqli xüsusi strateji əhəmiyyətə malik olan məsələdir. Bu baxımdan Azərbaycan çox strateji mövqeyə malikdir. Sizi əmin edə bilərəm ki, Malayziya Azərbaycan üçün etibarlı tərəfdaş olacaq. Mən bütün sahələri nəzərdə tuturam və əminəm, biz əlimizdən gələni edəcəyik ki, gələcək nəsillərə də bir növ çox dəyərli bir irs qoya bilək. Bundan başqa, Azərbaycan rəsmilərinin müvafiq peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif təlimlər təşkil edə bilərik. Əminəm ki, bu səfərin çox gözəl nəticələri olacaq. Cənab Prezident qeyd etdi, bu gün biznes forum keçiriləcək, iş adamları və sahibkarlar öz aralarında fikir mübadiləsi aparacaqlar".

Mohammad Najib Tun Abdul Razak deyib ki, Malayziya şirkətlərinin xüsusilə infrastruktur layihələrinin həyata keçirilməsində böyük təcrübəsi var. Tikinti, emal sənayesi, elektronika avadanlığı istehsalı sahələrində böyük təcrübəyə malik olan şirkətlərimiz var: "Zati-aliləri, mən qəti əminəm ki, gələcəyimiz çox uğurlu olacaq. Müzakirə etdiyimiz məsələlər bu səfərdən sonra qısa müddətdə praktiki nəticələrini verəcək və ümid edirəm ki, bunun çox gözəl nəticələri olacaq. Mən Zati-aliləri İlham Əliyevi öz ölkəmə dəvət etdim. Biz çalışacağıq ki, həmin səfər zamanı cənab Prezidentə öz nailiyyətlərimizi nümayiş etdirək.

Mənim bu səfərdən böyük gözləntilərim var. Cənab Prezident, ümid edirəm ki, Siz bizim ölkəyə səfər edəndə biz də Sizə eyni dərəcədə qonaqpərvərlik nümayiş etdirəcəyik. Bu gözəl imkana görə bir daha təşəkkür edirəm. Gözəl ölkənizdə olmaqdan çox məmnunam. Əminəm ki, görüşlərimiz çox səmərəli olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti