...

Asiya İnkişaf Bankı prezidentinin Azərbaycana səfər tarixi məlum oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2014 17:12 (UTC +04:00)
Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakaonun Bakıya səfəri bu il noyabrın 3-4-də baş tutacaq.
Asiya İnkişaf Bankı prezidentinin Azərbaycana səfər tarixi məlum oldu

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlahə Məmmədli/

Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakaonun Bakıya səfəri bu il noyabrın 3-4-də baş tutacaq. Bu barədə Trend-ə Bakıda olan AİB-in İctimaiyyətlə əlaqələr departamentinin direktoru xanım Omana Nair məlumat verib.

O, qeyd edib ki, AİB prezidentinin Azərbaycana səfərinin əsas məqsədi ölkənin 2015-ci il mayın 2-5-də bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsinə hazırlıq səviyyəsini müzakirə etməkdir.

O.Nairin sözlərinə görə, AİB prezidenti ənənəvi olaraq bankın Rəhbərlər Şurasının növbəti iclasının keçirilməsi üçün seçilən ölkəyə qəbul edən tərəflə təşkilati məsələlərin müzakirə edilməsi üçün səfər edir: "Eyni zamanda, bu, səfər zamanı əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün də gözəl imkandır. Nəzərə alaq ki, Azərbaycan AİB-in çox mühüm tərəfdaşıdır".

Departament rəhbərinin sözlərinə görə, belə irimiqyaslı tədbirin keçirilməsi ölkənin imicinə də müsbət təsir edir: "Belə ki, Azərbaycana təxminən 4 min qonaq gələcək. Onların arasında AİB-in tərəfdaşı olan 67 ölkədən maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, elmi tədqiqat institutlarının nümayəndələri və digər iştirakçılar var. İllik toplantı çərçivəsində 45 konfrans və seminarın, yüksək səviyyədə görüşlərin keçirilməsi planlaşdırılır".

O deyib ki, bu, iqtisadi, sosial-iqtisadi xarakterli məsələlərin, investisiya perspektivlərinin geniş dairəsini müzakirə etmək məqsədilə vahid məkanda görüşlərin keçirilməsi üçün gözəl imkandır.

AİB-in İctimaiyyətlə əlaqələr departamentinin direktoru hazırda bankın prezidentinin Bakıya səfəri çərçivəsində imzalana biləcək kredit sazişləri barədə informasiyaya malik deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti