...

Məcburi köçkün sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələri qəbul edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2014 13:36 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda müvəqqəti məskunlaşmış Xankəndi və Xocalıdan olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Məcburi köçkün sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələri qəbul edilir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Azad Həsənli/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunda müvəqqəti məskunlaşmış Xankəndi və Xocalıdan olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il sentyabrın 12-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış Xankəndi və Xocalıdan olan məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində məcburi köçkünlərlə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması;
- pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması;
- arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti