...

Rumıniyada “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və Neftçilər Günü qeyd olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2014 23:18 (UTC +04:00)
Bu gün Buxarestdə ARDNŞ-in Rumıniya nümayəndəliyinin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə və Neftçilər Gününə həsr olunan tədbir keçirilib.
Rumıniyada “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və Neftçilər Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Bu gün Buxarestdə ARDNŞ-in Rumıniya nümayəndəliyinin təşəbbüsü ilə "Əsrin müqaviləsi"nin 20-ci ildönümünə və Neftçilər Gününə həsr olunan tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Rumıniyanın dövlət və hökumət nümayəndələri, parlamentin deputatları, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbər heyəti, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri, ölkədə neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin və aparıcı bankların rəhbərləri, Türk İş Adamları Dərnəyinin İdarə heyətinin üzvləri, diplomatik korpusun təmsilçiləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin tərəfdaşları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Qonaqlar əvvəlcə Azərbaycanın neft sənayesindən bəhs edən sərgi ilə tanış oldular.

Mərasimdə ilk çıxış edən Rumıniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, deputat Yulian Yanku "Əsrin müqaviləsi"nin tarixi əhəmiyyətinə toxundu, böyük neft sazişinin imzalanması nəticəsində dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağının artmasına, Azərbaycanın bir dövlət kimi tanınaraq dünya iqtisadi sisteminə qoşulmasına şərait yaratdığını qeyd etdi. Deputat son illər Rumıniya-Azərbaycan əlaqələrinin yüksələn xətt üzrə inkişafından, ARDNŞ-in ölkəsindəki fəaliyyətindən söhbət açdı. Rumıniyada müasir səviyyədə və rəqabətə davamlı "SOCAR" brendi altında yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsini, eləcə də müştərilərə göstərilən xidmətin keyfiyyətinin yüksək olmasını diqqətə çatdırdı. Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri İrfan Davudov "Əsrin müqaviləsi"nin Azərbaycan Respublikasının inkişafındakı rolundan danışdı. Müqaviləni Azərbaycanın müasir tarixində yeni bir eranın başlanğıcı kimi qiymətləndirən natiq həmin dövrdə ümumilikdə regionda mövcud olan çoxsaylı problemlərin, siyasi və sosial-iqtisadi durumun yaratdığı bütün çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və mətin iradəsi sayəsində bu sənədin Azərbaycan xalqının milli mənafeyinin maksimum dərəcədə nəzərə alınması şərti ilə imzalanmasını xüsusi vurğuladı.

ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, "Əsrin müqaviləsi"nin imzalanması ilk növbədə ulu öndər Heydər Əliyevin müdrikliyi, qətiyyəti və cəsarəti sayəsində reallığa çevrildi. Həmin illərdə əsası qoyulan neft strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Həmzə Kərimov son illər ARDNŞ-in istər regionda, istərsə də beynəlxalq aləmdə həyata keçirdiyi iri layihələrdən bəhs etdi. STAR zavodunun, TAP, TANAP və digər layihələrin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətini diqqətə çatdırdı. Həmçinin bildirdi ki, hazırda Rumıniyanın 13 regionunda "SOCAR" brendi altında 30 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Qarşıya qoyulan əsas məqsədlərdən biri Rumıniya bazarının 10 faizinə sahib olmaqdır.

Mərasim iştirakçıları daha sonra Azərbaycanın neft strategiyasına həsr olunan filmi izlədilər.

Sonda ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri jurnalistləri maraqlandıran sualları cavablandırdı.

Xəbər lenti

Xəbər lenti