...

Azərbaycanda qiymətli kağızlar bazarına onlayn nəzarət sistemi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2014 15:14 (UTC +04:00)
Gələn il Azərbaycanda qiymətli kağızlar bazarına onlayn nəzarət sisteminin işə salınması planlaşdırılır.
Azərbaycanda qiymətli kağızlar bazarına onlayn nəzarət sistemi yaradılacaq

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Gələn il Azərbaycanda qiymətli kağızlar bazarına onlayn nəzarət sisteminin işə salınması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) jurnalistlər üçün keçirilən "Açıq qapı günü"ndə deyilib.

QKDK-nın Tədavülün tənzimlənməsi şöbəsinin müdiri Ağahüseyn Xudaverdiyev bildirib ki, bu sistem aparılan əməliyyatlar üzərində nəzarəti gücləndirməyə, bazarın peşəkar iştirakçılarının bağladığı əqdlər haqqında hesabatların qəbulu prosesini eyniləşdirməyə, bazarda mümkün manipulyasiyaları və insayder informasiyasının yayılmasının qarşısını almağa imkan verəcək.

Onun sözlərinə görə, QKDK hazırda bazarda qanun pozuntusu və ya manipulyasiya faktı qeydə almayıb, lakin Azərbaycanda qiymətli kağızlar bazarı genişlənir: "2014-cü ilin yanvar-sentyabr aylarında 7545 min manat dəyərində 5062 əqd bağlanıb. Bazarın artması ilə qanun pozuntularının yaranma ehtimalı çoxalır, buna görə də onlayn nəzarət sisteminin yaradılmasının böyük önəmi var".

A.Xudaverdiyev qeyd edib ki, sistemin işə salınmasının dəqiq tarixi hələ müəyyənləşdirilməyib, təsdiq edilmiş texniki tapşırıq çərçivəsində proqramlaşdırma üzrə işlər aparılır: "Bazara nəzarət mexanizmləri əqdlərin bağlanması üzrə mövcud sistemə tam uyğunlaşdırılıb. Yeni iri iştirakçılar və platformalar yaranacağı təqdirdə mexanizmlər onlara uyğunlaşdırılacaq".

Bundan başqa, QKDK gələn qiymətli kağızlar bazarının vahid informasiya resursunu işə salmağı və normativ-hüquqi bazanı təkmilləşdirməyi planlaşdırır.

Şöbə müdirinin sözlərinə görə, vahid informasiya resursunun yaradılması bazarın iştirakçıları haqqında bütün lazımi məlumatları bir yerə toplamağa imkan verəcək: "Məsələn, sərmayədar bir yerdə emitent haqqında onu maraqlandıran istənilən məlumatı öyrənə biləcək ki, bu da investisiya yatırma prosesini xeyli sürətləndirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti