...

"Paşa Bank" Şəkidə regional biznes forum keçirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2014 17:45 (UTC +04:00)
Bu gün Şəkidə “Aqrar sənayenin və kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişaf perspektivləri” mövzusunda regional biznes forum keçirilib.
"Paşa Bank" Şəkidə regional biznes forum keçirdi

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bu gün Şəkidə "Aqrar sənayenin və kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişaf perspektivləri" mövzusunda regional biznes forum keçirilib. Tədbiri Azərbaycanın ən iri banklarından biri olan "Paşa Bank" təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, foruma Şəki, Zaqatala, Qəbələ, Oğuzdan və yaxın rayonlardan kiçik və orta biznes (KOB) sektorunun 50-yə yaxın müəssisəsinin nümayəndəsi, dövlət idarələrinin, həmçinin Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qatılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, "Paşa Holdinq"in, "Paşa Bank"ın və "Paşa Sığorta"nın mütəxəssisləri məruzə ilə çıxış ediblər.

"Paşa Bank"ın İdarə Heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımovun sözlərinə görə, bank özünü müştərilərə daha çox maliyyə tərəfdaşı kimi təqdim edir, maliyyə məsələlərini həll etməklə yanaşı, biznes konsultasiyalar da təklif edir: "Ona görə də bugünkü tədbirdə qarşımıza qoyduğumuz əsas məqsəd aqrar sənaye və kənd təsərrüfatının maliyyələşdirilməsi və inkişaf perspektivlərində bankların, xüsusən də "Paşa Bank"ın rolu haqqında sizinlə müzakirələr və fikir mübadiləsi aparmaqdır".

Forum çərçivəsində iştirakçılar kənd təsərrüfatının və aqrar sənayenin müasir vəziyyəti, onların ölkənin iqtisadiyyatında rolu, KOB sektorunun sahibkarlarının iştirakı ilə aqrar sənayenin potensial inkişaf imkanları kimi mövzuları müzakirə ediblər. Nümayəndələr, həmçinin alternativ maliyyə mənbələrinin istifadəsi imkanları, yerli şirkətlərin timsalında özəl investisiya imkanları və s. ilə tanış olublar.

"Paşa Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətlərini, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və 10 biznes mərkəzləri ilə təmsil olunan "Paşa Bank"da 307 əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

"Paşa Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan "Paşa" Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti