...

İran Azərbaycana Rəşt-Astara dəmiryolunun tikintisinə maliyyə vəsaiti ayırmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2014 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın yol və şəhərsalma nazirinin müavini və Dəmiryol İdarəsinin baş direktoru Möhsün Purseyid Ağayi ilə görüşüb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Görüşdə M.Purseyid Ağayi Azərbaycana Rəşt-Astara (İran) dəmiryolunun tikintisinə maliyyə vəsaiti ayırmağı təklif edib: "Azərbaycan Rəşt-Astara (İran) dəmiryolunun tikintisinin maliyyələşdirilməsində iştirakı edərsə, bu, Rusiyanın Azərbaycan vasitəsilə İrana birləşməsini daha da tezləşdirər və bundan hər üç ölkə uzunmüddətli faydalana bilər".

Qeyd edək ki, Azərbaycan, İran və Rusiya dəmiryol idarələrinin rəhbərləri bundan öncə İran və Rusiyanın Rəşt-Astara (İran) dəmiryolunun tikintisini birgə həyata keçirməsi barədə razılıq əldə ediblər. Tikinti işlərinin Rusiya tərəfinin maliyyə vəsaiti ilə İran və Rusiya arasında əldə olunmuş razılıqlar əsasında həyata keçirilməsi nəzərdə tutulurdu.

Nazir müavini İran, Azərbaycan və Rusiyanın Rəşt-Qəzvin dəmiryolu xəttinin inşasında birgə səylərinin yaxşı səviyyədə olduğunu vurğulayıb.

O, əlavə edib ki, Qəzvin-Rəşt dəmiryolunun tikintisində dəmiryol örtüyünün hazırlanması işləri başa çatıb və işlər sürətlə davam etdirilir. Hazırda İran-Türkmənistan-Qazaxıstan dəmiryolu xəttinin tikintisi başa çatıb və cari ilin dekabr ayında artıq bu xəttin rəsmi açılışı olacaq.

Görüşdə Ş.Mustafayev iki ölkə arasında münasibətlərin genişləndirilməsinin zəruriliyindən danışıb və bildirib ki, İranın Rəşt-Astara (İran) dəmiryolu xəttinin inşası ilə bağlı təklifləri dəyərləndiriləcək.

Nazir Şimal-Cənub dəhlizində dəmiryolunun əhəmiyyətli rolundan danışıb və deyib ki, bu dəmiryol xəttinin tez bir zamanda təkmilləşməsi üçün çalışmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti