...

Ekspert: Neftin qiymətinin azalması Azərbaycanda daşınmaz əmlakın qiymətinə təsir edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2014 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Neftin qiymətinin aşağı düşməsi yaxın 6-8 ayda Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərə təsir edəcək. Bunu cümə günü Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

O bildirib ki, neftin qiymətinin dinamikası ilə daşınmaz əmlakın qiymətinin dinamikası arasında birbaşa əlaqə var: "Lakin bu, təqribən 6-8 ay gecikmə ilə özünü büruzə verir. Əgər neftin qiymətinin azalma tendensiyası davam edərsə, o zaman gələn ilin əvvəlindən Azərbaycanda daşınmaz əmlakın qiymətinin aşağı düşməsini gözləmək olar".

N.İbrahimovun sözlərinə görə, bu ona görə baş verir ki, neft sənayesindən olan pulların böyük hissəsi müxtəlif kanallar vasitəsilə infrastruktur layihələrə və inşaata yönəldilir: "Daşınmaz əmlak neft satışından əldə edilən vəsaitlərin qoyulmasında əsas istiqamət olaraq qalır. Neftin qiyməti aşağı düşəndə bu sahənin gəlirləri azalır, fondlar və ya büdcə vasitəsilə maliyyələşdirilən bir çox layihələrin reallaşdırılması müəyyən müddətdən sonra yavaşıyır, müvafiq olaraq, pul kütləsinin daşınmaz əmlak bazarına daxil olması məhdudlaşır. Buna görə də bu, azmüddətli gecikmə ilə daşınmaz əmlak bazarına təsir edir".

O, əlavə edib ki, daşınmaz əmlakın qiyməti formalaşdırılarkən neftin qiyməti dolayısilə nəzərə alınır: "Hətta mütəxəssislər arasında 1 kvadratmetrə görə bareldə daşınmaz əmlakın qiyməti ifadəsi var. Məsələn, 1 barel Azərbaycan neftinin indiki 89,68 dollar qiyməti (oktyabrın 23-nə olan) və oktyabrda mənzil bazarında orta hesabla qiymətlər (ilkin mənzil bazarında 1 kvadratmetrə görə 1640 dollar, təkrar mənzil bazarında isə 1 kvadratmetrə görə 2100 dollar) nəzərə alınsa, ilkin mənzil bazarında qiymət təqribən 18,3 barel/kvadratmetr, təkrar məznil bazarında isə 23,4 barel/kvadratmetr alınır. Buna görə də neftin qiyməti azalmağa doğru davam edərsə, məznilin qiyməti də aşağı düşəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti