...

Azərbaycan Xəzərdə iri üzən dok istismara verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2014 19:04 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2014-cü il payızın sonuna kimi Gəmiçiliyin gəmilərini təmir etməyə imkan verən iri üzən doku istismara verməyə hazırlaşır.

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 2014-cü il payızın sonuna kimi Gəmiçiliyin gəmilərini təmir etməyə imkan verən iri üzən doku istismara verməyə hazırlaşır. Bu barədə Trend-dən QSC-dən məlumat veriblər.

Gəmiçilikdən bildiriblər ki, dok Nijni Novqorodun "Gəmi təmiri-gəmiqayırma Korporasiyası" ASC ilə bağlanmış müqavilə çərçivəsində tikilir. Dokun elementlərinin montajı rusiyalı mütəxəssislər tərəfindən Zığ Gəmi Təmiri Zavodunda aparılır.

QSC-dən deyiblər ki, dokun tikintisi artıq başa çatıb: "İndi onu daimi yerinə qoymaq və sınaqdan keçirmək lazımdır. Dokun bu ilin noyabrında istismara veriləcəyi gözlənilir".

Gəmiçilikdən bildiriblər ki, dokun təməli 2012-ci ilin yanvarında Nijni Novqorodda qoyulub. İlk blok suya elə həmin ilin noyabrında buraxılıb.

İlk üzən dokun yükgötürmə qabiliyyəti 8 min tona bərabərdir, uzunluğu 158 metr, eni 36,85 metr, bortun hündürlüyü isə 13,35 metr təşkil edir. Xəzərdə ən böyük üzən dokun tikintisi gəmilərin dok təmirində əhəmiyyətli innovasiyadır.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti