...

Heydər Əsədov: Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2014 14:42 (UTC +04:00)
Son 10 il ərzində dəyər ifadəsində ümumi kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3.4, o cümlədən, bitkiçilik məhsulları istehsalı 3, heyvandarlıq məhsulları istehsalı isə 3.8 dəfə artıb.
Heydər Əsədov: Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Azad Həsənli/

Son 10 il ərzində dəyər ifadəsində ümumi kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3.4, o cümlədən, bitkiçilik məhsulları istehsalı 3, heyvandarlıq məhsulları istehsalı isə 3.8 dəfə artıb. Trend xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun şənbə günü rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

Nazir yazıb: "Son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatının demək olar ki, bütün inkişaf göstəriciləri üzrə yüksək artım dinamikası müşahidə olunur".

H.Əsədov qeyd edib ki, bu dövr ərzində kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşunun həcmi 15, sahə üzrə orta aylıq əməkhaqqı isə 9 dəfə artıb.

O bildirib ki, hazırda ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsal həcmi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda 2015-ci il üzrə müəyyən olunmuş hədəf göstəricilərinə uyğun səviyyədədir: "Məsələn, artıq 2013-cü ildəki müvafiq istehsal göstəricilərinin 2015-ci il üzrə müəyyən edilmiş hədəf göstəricilərinə nisbəti ət istehsalı üzrə 87.6, süd və süd məhsulları istehsalı üzrə 75.8, kartof istehsalı üzrə 88.4, tərəvəz və bostan bitkilərinin istehsalı üzrə 96.5, meyvə istehsalı üzrə 106.7, yem bitkilərinin əkin sahəsi üzrə 79.3 faiz olub".

Nazir yazır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxt ət və süd məhsulları ilə özünütəminat səviyyəsi təqribən 30-35 faiz təşkil edirdisə, hazırda ölkənin bu məhsullar üzrə özünütəminat səviyyəsi, müvafiq olaraq, 92 və 76 faizə qədər artıb.

Məqalədə deyilir: "Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya malik idisə, hazırda hər il 50 min tondan çox təzə kartof ixrac edirik. Azərbaycanın ənənəvi olaraq ixrac etdiyi meyvə-tərəvəz məhsullarının ixrac həcmi də ilbəil artır".

H.Əsədov qeyd edib ki, kənd təsərrüfatının inkişafı üçün son illər ayrılan dövlət büdcəsi vəsaitlərinin artım dinamikası bu tədbirlərin miqyası ilə bağlı əyani təsəvvür yaradır: "Belə ki, meliorasiya-irriqasiya sisteminin yenidən qurulması, baytarlıq və fitosanitar xidmətlərinin göstərilməsi, elmi tədqiqatların aparılması, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi və digər məqsədlər üçün yönəldilən dövlət dəstəyinin həcmi 2007-ci ildə 328 milyon manatdan 2013-cü ildə 657 milyon manata qədər, o cümlədən, kənd təsərrüfatı istehsalçılarına birbaşa subsidiya formasında verilən dövlət büdcəsi vəsaitinin həcmi 66 milyon manatdan 110 milyon manata qədər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti