Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.İsmayılov/
Türkiyə Azərbaycan qazının Türkiyə ərazisi ilə nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi layihəsində əlavə olaraq 10 faiz iştirak payı əldə etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu məsələ gələn həftə Türkiyə tərəfi ilə görüş zamanı müzakirə ediləcək: "Görüş Türkiyənin energetika naziri səviyyəsində keçiriləcək".
R.Abdullayev qeyd edib ki, aprelin sonunda bu möhtəşəm layihə çərçivəsində yekun investisiya qərarının qəbuluna hazırlıq başa çatacaq: "Layihə çərçivəsində işlər nəzərdə tutulan qrafikə uyğun icra olunur. Əgər biz işləri vaxtında görsək, onda bu ilin sonunadək tikinti işlərinə başlanılacaq, 2015-ci ildə isə işlər fəal mərhələyə keçəcək".
Layihədə pay bölgüsünə gəlincə, ARDNŞ prezidenti deyib ki, hazırkı mərhələdə bu bölgü aktualdır: ARDNŞ - 58 faiz, Türkiyə tərəfi - 30 faiz və BP şirkəti - 12 faiz.
Qeyd edək ki, TANAP layihəsinin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.