...

"Şahdəniz" layihəsi üzrə unikal gəminin tikintisinə dair saziş imzalanıb

Energetika Materials 23 Aprel 2014 14:59 (UTC +04:00)
ARDNŞ-nin gəmiqayırma zavodu və BP şirkəti "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində istismar olunacaq çoxfunksiyalı gəminin tikintisi üzrə saziş imzalanıb.
"Şahdəniz" layihəsi üzrə unikal gəminin tikintisinə dair saziş imzalanıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin gəmiqayırma zavodu və BP şirkəti "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində istismar olunacaq çoxfunksiyalı gəminin tikintisi üzrə saziş imzalanıb.

Trend-in məlumatına görə, saziş çərşənbə günü Bakıda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və "Baku Shipyard" şirkətinin direktoru Devid Lo imzalayıblar.
Müqavilənin dəyəri 378 milyon dollardır. Gəminin tikintisi 2017-ci ilin aprelində başa çatacaq.

İmzalama mərasimi zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yeni zavodun və onun müəyyən olunmuş vaxtda istismara verilməsinin əhəmiyyətini qeyd edib.

Onun sözlərinə görə, BP ilə sazişin imzalanması zavodun texniki təchizatının yüksək səviyyəsini və onun beynəlxalq standartlara uyğunluğunu göstərir.

ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayevin sözlərinə görə, "Şahdəniz -2" iri və unikal layihədir. Yeni zavod olmadan Xəzərdə belə gəminin tikintisi mümkün olmazdı.

Abdullayev qeyd edib ki, gəmiqayırma zavodunun olması eyni vaxtda bir neçə layihənin reallaşdırılmasına imkan verir. Onun sözlərinə görə, zavodda ARDNŞ-nin ehtiyaclarını təmin etmək üçün yeni üzən qazma qurğusunun aşağı hissəsinin tikintisi həyata keçiriləcək.

Qordon Birrellin sözlərinə görə, gəmi sualtı avadanlıq və qurğuları yerləşdirməyə imkan verəcək. O cümlədən "Şahdəniz -2" layihəsi çərçivəsində ilk qazın əldə olunmasınadək gəmi böyük həcmdə işlərin həyata keçirilməsinə imkan verəcək: "Gəmi "Şahdəniz" layihəsinin reallaşadırılması tələblərinə cavab verəcək yüksək beynəlxalq standartlara uyğun inşa ediləcək".

Onun sözlərinə görə, məhz buna görə gəmidən əsas etibarilə "Şahdəniz -2" layihəsi çərçivəsində istifadə olunacaq, gəmi eləcə də Xəzərdə başqa işlərə cəlb olunacaq.

Habelə Birrell qeyd edib ki, regionda şirkətin artan biznesini nəzərə alaraq perspektivdə BP yeni gəmilərin tikintisində zavodun xidmətlərindən istifadə edəcək.

Ümumilikdə "Şahdəniz-2" layihəsi çərçivəsində ümumi dəyəri 5 milyard dollar olan 12 əsas iri layihə imzalanıb.

"Bakı Gəmiqayırma Zavodu" MMC-nin gücü ildə 25 min ton dəmir konstruksiya təşkil edir. Zavod hər il 15 min ton dedveytə malik 4 tanker və ya 70 min ton dedveytli iki tanker istehsal edə biləcək. Eləcə də zavod ildə dörd gəmi və yedək gəmisi istehsal edə və müxtəlif təyinatlı 80-100 gəmi təmir edə biləcək. Layihənin əsas məqsədi Xəzər dənizində tələbatı təmin etmək üçün lazımi gəmilərin tikintisidir.

Zavodun tikintisinə qoyulan investisiyanın həcmi 450 milyon dollar təşkil edir.

Müəssisədə pay bölgüsü belədir: ARDNŞ - 65 faiz, AİŞ - 25 faiz, "Keppel" - 10 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti