...

2013-cü ildə ARDNŞ-nin İsveçrədəki fəaliyyətindən gəlirləri təqribən 10 dəfə artıb

Energetika Materials 8 İyul 2014 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Emil İsmayılov/

2013-cü ildə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İsveçrədəki fəaliyyətindən əldə etdiyi gəlirlər 2012-ci ildəki 3,33 milyard manata nisbətdə 30,69 milyard manat olub. Trend-in məlumatına görə, bu barədə şirkətin saytında dərc edilmiş ARDNŞ-nin ötən il üzrə maliyyə fəaliyyəti haqqında birləşdirilmiş hesabatda deyilir. Hesabatın auditi "Ernst&Young" şirkəti tərəfindən aparılıb.

2012-ci il iyunun sonlarında ABŞ-ın "Exxon Mobil" şirkəti İsveçrənin "Esso Switzerland" şirkətinin aktivlərini ARDNŞ-nin idarəçiliyinə verib. ARDNŞ-nin İsveçrədə əldə etdiyi aktivlərin ümumi dəyəri 330 milyon dollar təşkil edir.

"Esso Switzerland"ın alınması ilə həmin şirkətə məxsus 170-dən artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmlərinin və balon qazının müstəqil distribüterlərə satışını həyata keçirir), Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda, İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərəncamına keçib.

2013-cü ildə ARDNŞ-nin Azərbaycandakı fəaliyyətindən əldə etdiyi gəlirlər 2012-ci ildəki 4,4 milyard manata qarşı 4,33 milyard manat olub.

Hesabatda deyildiyi kimi, 2013-cü ildə ARDNŞ-nin Türkiyədəki fəaliyyəti çərçivəsində gəlirləri 2012-ci ildəki 1,91 milyard manata nisbətdə 2,22 milyard manat olub.

Birləşmiş Ərəb Əmirliklərindəki fəaliyyətdən gəlirlər 2012-ci ildəki 6,57 milyard manata qarşı 246 milyon manat olub.

ARDNŞ-nin Gürcüstandakı fəaliyyətindən gəlirləri 635 milyon manat olub. 2012-ci ildə bu rəqəm 627 milyon manat olub. Digər ölkələr üzrə ötən il ARDNŞ-nin gəlirləri 2012-ci ildəki 305 milyon manata nisbətdə 313 milyon manat təşkil edib.

Ümumilikdə 2013-cü ilin yekunları üzrə ARDNŞ-nin gəlirləri 2012-ci ildəki 17,14 milyard manata qarşı 38,43 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti