...

Azərbaycanda iri enerji layihəsinin tamamlanması vaxtı dəyişdirilib

Energetika Materials 17 İyul 2014 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Emil İsmayılov/

Abşeron yarımadasının enerji təchizatında əhəmiyyətli rol oynayan "Şimal" elektrik stansiyasının 2-ci buxar-qaz qurğusunun tikintisi 2015-ci ilin ortalarında başa çatacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ölkənin Energetika Nazirliyinin Elektrik Enerjisi Departamenti rəhbərinin müavini Asəf Rzayev bildirib.

Onun sözlərinə görə, qurğunun bu ilin sonunadək işə salınması planlaşdırılmışdı, lakin avadanlıqların çatdırılmasında yubanma səbəbindən işlərin gedişi ləngiyir: "Qurğunun tikintisi üzrə işlərin gələn ilin ortalarında başa çatdırılması planlaşdırılır, lakin bu tarixdə cüzi dəyişiklik oluna bilər".

Yeni enerji obyektlərinin yaradılmasına toxunan Rzayev bildirib ki, Yaşma qəsəbəsində, eləcə də Hövsan elektrik stansiyalarının tikintisi planlaşdırılıb.

Yaşma elektrik stansiyasının gücü 920 meqavat təşkil edəcək. Rzayevin sözlərinə görə, Yaponiyanın "Toyo Engineering Corporation" korporasiyası bu layihənin texniki-iqtisadi əsaslandırılmasının ilkin variantını təqdim edib.

O qeyd edib: "Bu layihə çərçivəsində işlər davam etdiriləcək".

Onun sözlərinə görə, 600 meqavatlıq Hövsan elektrik stansiyası "Baku White City"-ni [nəhəng şəhərsalma layihəsi] elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Eləcə də elektrik stansiyasının əhatə zonasına yeni metallurgiya müəssisəsi düşəcək.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Baku White City" layihəsi köhnə neft, maşınqayırma və digər sənaye müəssisələrinin köçürülməsini, ərazilərin neft tullantılarından təmizlənməsini nəzərdə tutur. Sahilboyu rayonda layihə üzrə rahat yaşayış kompleksləri, mehmanxanalar və ticarət-əyləncə mərkəzləri yerləşəcəklər.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, Hövsan elektrik stansiyasında istehsal olunacaq elektrik enerjisinin yarısı Ağ şəhərin enerji ilə təchizatına yönəldiləcək.

"Şimal" elektrik stansiyasının 2-ci buxar-qaz qurğusunun gücü 409 meqavat təşkil edəcək. Hazırda elektrik stansiyası Bakı və Abşeronun elektrik enerjisinə olan tələbatının dörddə birini təmin edir. İkinci blokun tikintisi ilə bu göstərici 35-40 faizə çatacaq. İkinci enerji blokunun tikintisi Yaponiyanın "Toyo Engineering" şirkəti ilə imzalanmış müqavilə əsasında aparılır.

"Şimal" elektrik stansiyası hazırda 400 meqavat gücündə bur buxar-qaz qurğusuna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti