...

Türkiyədə ARDNŞ-yə məxsus NEZ-də ilk məhsulun alınacağı vaxt açıqlandı

Energetika Materials 19 İyul 2014 16:10 (UTC +04:00)
İyulun 18-də Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və onları müşaiyət edən şəxslər Türkiyənin İzmir vilayətində, Əliağa bölgəsində səfərdə olmuşlar.
Türkiyədə ARDNŞ-yə məxsus NEZ-də ilk məhsulun alınacağı vaxt açıqlandı

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İyulun 18-də Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və onları müşaiyət edən şəxslər Türkiyənin İzmir vilayətində, Əliağa bölgəsində səfərdə olmuşlar.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində onlar ARDNŞ-nin idarəçiliyində olan "Petkim" neft-kimya şirkətinin müəssisələrinə baş çəkmiş, görülən işlərlə tanış olmuşlar. Nazirə və şirkət prezidentinə "Petkim"in fəaliyyəti, istehsalat göstəriciləri və son illərdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verilmişdir. Qonaqlar şirkətin Plastik Qablaşdırma Fabrikinin açılışında iştirak etmişlər. Daha sonra onlar "Petkim"in ərazisində inşa olunan konteyner limanında işlərin gedişi ilə tanış olmuşlar. Bildirilmişdir ki, bu obyekt yaxın illərdə Türkiyənin ən böyük konteyner limanı olacaqdır. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və onları müşaiyət edən şəxslər "STAR" neft emalı zavodunun inşa edildiyi əraziyə də baş çəkmişlər.

Burada onlara məlumat verilmişdir ki, təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən 2011-ci ildə qoyulmuş "STAR" zavodunun tikintisi Türkiyədə həyata keçirilən ən böyük investisiya layihələrindən biridir. İllik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan bu zavod "Petkim"i xammal ilə təchiz edəcək, məhsullarının çox hissəsini Türkiyənin daxili bazarında reallaşdıracaq, bir hissəsini isə Aralıq dənizi və Cənubi Avropa bazarlarına ixrac edəcəkdir.

Zavodda ilk məhsulun 2017-ci ilin sonlarına alınması nəzərdə tutulur. "STAR" zavodu istismara buraxıldıqdan sonra SOCAR Türkiyənin üçüncü ən böyük müəssisəsi, enerji sektorunda isə birinci şirkəti olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti