...

Azərbaycan və İran neftçiləri arasında Anlaşma Memorandumu imzalanıb

Energetika Materials 21 Avqust 2014 19:10 (UTC +04:00)
ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub
Azərbaycan və İran neftçiləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi nümayəndə heyəti İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkəti (KEPKO) rəhbərliyinin dəvəti ilə bu il avqustun 18-dən 20-dək İran İslam Respublikasında səfərdə olub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan neftçiləri İranın Neft Nazirliyində, bu ölkənin neft və qaz şirkətlərində görüşlər keçiriblər. Akademik X.Yusifzadənin İranın neft nazirinin birinci müavini, İran Milli Neft Şirkətinin baş direktoru Rüknəddin Cavadi, İranın neft nazirinin beynəlxalq məsələlər və ticarət üzrə müavini Əli Məcidi və İran Milli Qaz Şirkəti baş direktorunun beynəlxalq məsələlər üzrə müavini, şirkətin qaz ixracı üzrə idarə heyətinin sədri Əzizulla Ramazani ilə görüşlərində neft və qaz sahəsində Azərbaycan-İran əməkdaşlığının vəziyyəti və perspektivləri, tərəflərin neft və qaz hasilatı, nəqli və ixracı sahəsində imkanları, iki ölkə arasında mövsümi qaz nəqli və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi olub.

İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətində keçirilən görüşdə şirkətin baş direktoru Əli Osuli X.Yusifzadəni və nümayəndə heyətinin üzvlərini - ARDNŞ-nin baş ofisinin Qazma şöbəsinin rəisi Farhad Ağamoğlanovu, Qaz İxrac İdarəsi rəisinin markentinq üzrə müavini Kamal Abbasovu, Geofizika və Geologiya İdarəsinin rəis müavini Yusif Şıxəliyevi, baş ofisin Geodeziya və hidroqrafiya şöbəsinin böyük geodezisti Vadim Abramenkonu, eləcə də Dövlət Neft Şirkətinin İran nümayəndəliyinin rəhbəri Oqtay Sadıqzadəni KEPKO-nun tarixi və beynəlxalq əlaqələri ilə taniş edib. O, rəhbərlik etdiyi şirkətin ARDNŞ ilə Xəzərdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Tərəflər Xəzərdə və beynəlxalq neft-qaz layihələrində Azərbaycan-İran əməkdaşlığının ölkələrimizin mənafeyi naminə daha da genişlənməsinin əhəmiyyətini vurğulayıblar.

ARDNŞ-nin nümayəndə heyəti Tehranda elmi tədqiqat neft sənayesi institutuna da dəvət edilib, burada iranlı alimlərin neft-qaz və nanotexnologiyalar sahəsində araşdırmaları ilə tanış olub.

Azərbaycan neftçilərinin iranlı həmkarları ilə səmimilik və işgüzarlıq şəraitində keçən görüş və danışıqlarının sonunda qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti