...

ARDNŞ Azərbaycanın bölgələrində YDM şəbəkəsini genişləndirəcək

Energetika Materials 25 Avqust 2014 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin sonunadək Azərbaycanın bölgələrində yeni avtomobil yanacaqdoldurma stansiyalarının (YDM) tikiləcəyi yerləri müəyyənləşdirəcək. Bunu bazar ertəsi Trend-ə ARDNŞ-dəki mənbə deyib.

Onun sözlərinə görə, yeni YDM-lərin dəqiq yerini müəyyənləşdirmək üçün "SOCAR Petroleum" "Azəryolservis" ASC-yə müraciət edib: "Məqsəd iri magistral yolların dəqiq sxemini, eləcə də onların yenidən qurulması üzrə işlərin yekunlaşması ilə bağlı məlumat əldə etməkdir".

Mənbə qeyd edib ki, hazırda ölkədə yol-nəqliyyat infrastrukturunun inkişafı üzrə fəal işlər aparılır və bu baxımdan "Azəryolservis" ASC-dən dəqiq məlumatların əldə edilməsi yeni YDM-lərin tikintisi üçün böyük önəm daşıyır.

O bildirib ki, zəruri məlumatlar əldə edildikdən və yeni YDM-lərin yeri müəyyənləşdirildikdən sonra "SOCAR Petroleum" torpaq sahələrinin alınması üzrə işlər aparacaq: "YDM-in yeri seçilərkən iqtisadi məqsədəuyğunluluq böyük önəm daşıyır və buna görə də yeni YDM-lərin iri avtomobil magistrallarında, yaşayış məntəqələrinin bilavasitə yaxınlığında tikilməsi planlaşdırılır".

Mənbənin sözlərinə görə, bu, həmin yaşayış məntəqələrinin sakinlərinin yanacağa olan tələbatını təmin etməyə, eləcə də avtomobillərə xidmət göstərməyə imkan verəcək: "Qərar ilin sonunadək qəbul ediləcək".

O vurğulayıb ki, Qazax (Gürcüstan istiqamətində), Lənkəran (İran istiqamətində) və ölkənin digər rayonlarında YDM-lərin tikilməsi imkanı nəzərdən keçirilir: "Söhbət 2-3 yeni YDM-in tikintisindən gedir. Bundan başqa, Bakıda avtomatlaşdırılmış mini YDM-lərin tikintisi məsələsi gündəmdədir. Bu məsələ öyrənilir və bununla bağlı qərar hələ qəbul edilməyib".

Qeyd edək ki, hazırda Azərbaycanda ARDNŞ-nin 16 YDM-i var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti