...

ARDNŞ neftin dünya qiymətlərinin azalmasının şirkətin gəlirlərinə təsirini şərh edib

Energetika Materials 15 Sentyabr 2014 15:45 (UTC +04:00)
Neftin dünya qiymətlərinin qısamüddətli azalmasının ARDNŞ-nin gəlirlərinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) illik göstəricilərinə təsiri barədə danışmaq olmaz.
ARDNŞ neftin dünya qiymətlərinin azalmasının şirkətin gəlirlərinə təsirini şərh edib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Neftin dünya qiymətlərinin qısamüddətli azalmasının ARDNŞ-nin gəlirlərinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) illik göstəricilərinə təsiri barədə danışmaq olmaz. Trend xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev neftin qiymətlərinin azalması və bu prosesin şirkətin gəlirlərinə təsiri məsələsini şərh edərkən deyib.

R.Abdullayev qeyd edib ki, vəziyyət normaldır və bu proseslər həmişə proqnozlarda nəzərə alınır.

Qeyd edək ki, ötən həftə Yaxın Şərqdə münaqişənin gərginləşəcəyi ilə bağlı gözləntilər fonunda London birjasında Brent markalı neftin bir barelinin qiyməti 97 dollaradək aşağı düşüb.

Dünya bazarında artıq ardıcıl olaraq 3 aydır ki, neftin qiyməti azalır.

Ekspertlərin fikrincə, bir-iki aydan sonra dünya bazarında neftin bir barelinin qiyməti 85 dollaradək enə bilər.

Ukraynada baş verən hadisələr fonunda hələ baharda ABŞ dünya bazarlarına neftin satışı həcmlərini artırıb. Eyni vaxtda bu enerji resurslarının ixracı ilə bağlı İrana tətbiq edilən sanksiyalar aradan qaldırılıb. Buna görə də neftin qiyməti azalmağa başlayıb. Bu proses xüsusilə yayda sürətlənib. Тəkcə son üç ayda qiymətlər təxminən 10-15 faiz düşüb. Bunu Beynəlxalq Neft İxracatçıları Təşkilatının (OPEK) rəqəmləri də sübut edir.

Ötən həftə Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 99,04 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 3,27 dollar/barel azdır.

Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 95,51 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 3,55 dollar/barel azdır.

2013-cü ilin yekunları üzrə ARDNŞ-nin neft satışından gəlirləri 25,32 milyard manat olub. 2012-ci ilin yekunları üzrə isə bu göstərici 10,13 milyard manata yaxın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti