...

ARDNŞ Rumıniyada 30-cu yanacaqdoldurma məntəqəsini açır

Energetika Materials 16 Sentyabr 2014 18:11 (UTC +04:00)
“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi və “Neftçilər Günü” ərəfəsində ARDNŞ-nin Rumıniya nümayəndəliyi bu ölkədə sayca 30-cu yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verəcək. Bu barədə Trend-ə nümayəndəliyin rəhbəri Həmzə Kərimov məlumat verib.
ARDNŞ Rumıniyada 30-cu yanacaqdoldurma məntəqəsini açır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

"Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi və "Neftçilər Günü" ərəfəsində ARDNŞ-nin Rumıniya nümayəndəliyi bu ölkədə sayca 30-cu yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verəcək. Bu barədə Trend-ə nümayəndəliyin rəhbəri Həmzə Kərimov məlumat verib.

Direktor bildirb ki, yeni açılacaq YDM Rumıniyanın qərb regionunda SOCAR-ın növbəti investisiyası olacaq: "Rumıniya ərazisində "SOCAR" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin şəbəkəsi ilbəil genişlənir. SOCAR Rumıniya bazarına 2011-ci ildə daxil olub. Qısa zaman ərzində Rumıniyanın 11 regionunda SOCAR brendi altında 29 yanacaqdoldurma məntəqəsi müştərilərin ixtiyarına verilib və burada 400-ə yaxın insan işlə təmin olunub. Qarşıya qoyulan əsas məqsədlərdən biri də Rumıniyanın bütün regionlarını əhatə etməklə bu məntəqələrin sayını 100-ə çatdırmaq və beləliklə bazarın 10%-nə sahib olmaqdır".

Xatırladaq ki, artıq Azərbaycanın 3 rəngli bayrağı paytaxt Buxarestdə də dalğalanır. Bu ilin fevralında Buxarestdə "SOCAR" brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. YDM-lərdən istifadə edən müştərilə "Nar" kafedən ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.

Paytaxt Buxarestin "Novotel" hotelində "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi və "Neftçilər Günü"nə həsr olunmuş konfrans da keçiriləcək. Konfransa Rumıniyanın dövlət və hökümət nümayəndələri, Rumıniyada neft-qaz sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, iş adamları, bu ölkədə akkreditə olunan xarici diplomatik korpusun nümayəndələri, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin tərəfdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri, Rumıniya ictimaiyyəti, Rumıniyanın aparıcı universitetlərinin müəllim və tələbə heyəti qatılacaq. H.Kərimov qonaqlara "Əsrin müqaviləsi"nin əhəmiyyəti, eləcə də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasəti, ölkəmizin neft-qaz sahəsində son 20 ildə əldə etdiyi uğurlar, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin regionda və digər ölkələrdə həyata keçirdiyi irimiqyaslı layihələr barədə geniş məlumat verəcək.

Nümayəndəliyini rəhbəri onu da bildirib ki, cari ilin ilk 6 ayı ərzində SOCAR Rumıniyada xarici investorlar arasında ilk sırada qərarlaşıb.

Rumıniya Ticarət Qeydiyyat İdarəsinin məlumatına görə, 2014-cü ilin birinci yarısında Rumıniyaya xarici investorlar tərəfindən 1,5 milyard avro sərmayə yatırılıb. Sevindirici haldır ki, İdarənin yaydığı məlumatda SOCAR Rumıniya nümayəndəliyi 50 böyük xarici investor arasında 3-cü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti