...

Azərbaycanda Karbamid istehsalı zavodunun inşası ilə bağlı təkliflərin qiymətləndirilməsi bu ay başa çatacaq

Energetika Materials 16 Sentyabr 2014 19:42 (UTC +04:00)
ARDNŞ prezidenti Azot gübrəsi - Karbamid istehsalı zavodunda aparılan tikinti işlərinin vəziyyəti ilə tanış olub
Azərbaycanda Karbamid istehsalı zavodunun inşası ilə bağlı təkliflərin qiymətləndirilməsi bu ay başa çatacaq

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Sumqayıta səfəri çərçivəsində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Azot gübrəsi - Karbamid istehsalı zavodunda olub və aparılan tikinti işlərinin vəziyyətinə baxış keçirilib. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

Bildirilib ki, Azot gübrəsi - Karbamid istehsalı zavodunun layihəsi "2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, 13 mart 2013-cü il tarixində ARDNŞ və Cənubi Koreyanın "Samsung Engineering Co., Ltd." şirkəti arasında imzalanmış Mühəndislik, Satınalma və Tikinti üzrə Müqaviləyə əsasən həyata keçirilir. Qeyd olunub ki, ilkin olaraq zavod üçün ayrılmış sahənin tikintiyə hazırlanması işləri tamamlanıb və ərazidə geoloji tədqiqat işləri həyata keçirilib.

Zavodun tikintisi layihəsinin uğurla davam etdirilməsi üçün layihənin idarə edilməsi və müstəqil təftiş işlərinin həyata keçirilməsi üzrə məsləhətçi şirkətin seçilməsi məqsədilə 28 mart 2014-cü il tarixində elan edilmiş beynəlxalq açıq tender üzrə təkliflərin qəbulu başa çatıb və tenderdə müvafiq sahə üzrə böyük nüfuza malik 3 beynəlxalq şirkət öz təkliflərini təqdim edib. Tender təkliflərinin qiymətləndirilməsi prosesinin cari ilin sentyabr ayında tamamlanması nəzərdə tutulur.

Vurğulanıb ki, zavodun tikintisinin 2016-cı ildə başa çatdırılması planlaşdırılır. Gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton dənəvər karbamid təşkil edəcək müəssisənin inşası zamanı 2500-3000 nəfər mövsümi işlə, müəssisə fəaliyyətə başladıqdan sonra isə 350-400 nəfər mütəxəssis daimi işlə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti