...

Rövnəq Abdullayev: ARDNŞ-nin yanacaq-sürtkü materiallarının ixracı üçün böyük imkanları var

Energetika Materials 17 Sentyabr 2014 19:19 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dizel yanacağı və sürtkü yağlarının ixracı üçün böyük imkanları var.
Rövnəq Abdullayev: ARDNŞ-nin yanacaq-sürtkü materiallarının ixracı üçün böyük imkanları var

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dizel yanacağı və sürtkü yağlarının ixracı üçün böyük imkanları var. Trend-in məlumatına görə, bunu jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev Qazaxıstanın Azərbaycandan neft məhsulları almaq planlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, ARDNŞ-nin benzin ixracında imkanları məhduddur ki, bu da daxili bazarda həmin növ neft məhsulunun istehlakının artması ilə əlaqədardır və yalnız onun kiçik həcmdə ixracı nəzərdə tutulub.

Qeyd edək ki, Qazaxıstanın "KazMunayQaz" Milli Neft-Qaz Şirkəti daxili bazarda neft məhsulları qıtlığını aradan qaldırmaq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə yanacaq-sürtkü materiallarının (YSM) alınması üzrə danışıqlar aparır. Bunu Qazaxıstan energetika nazirinin birinci müavini Uzakbay Karabalin ötən gün Astanada keçirilən mətbuat konfransında deyib.

U.Karabalin bildirib ki, Qazaxıstan "KazMunayQaz"ın simasında təkcə Rusiya ilə deyil, həmçinin Azərbaycanın ARDNŞ, Türkmənistanın neft emalı zavodları ilə bazarda neft məhsullarının bütün kəsirini aradan qaldırmaq üçün danışıqlar aparır.

Nazir müavini qeyd edib ki, Rusiyada istehsal olunan neft məhsullarının bir hissəsi bu ildən Krıma göndərilir: "Beləliklə də Rusiya bazarında YSM ilə bağlı gərgin vəziyyət yaranıb və bu səbəbdən də onlar əvvəllər olduğu kimi başqa ölkələrə yanacaq-sürtkü materialları ixrac edə bilmirlər".

Onun sözlərinə görə, Qazaxıstanın başqa qonşu ölkələrə - Azərbaycan və Türkmənistana müraciət etməsinin daha bir səbəbi isə Qazaxıstanda və Rusiyada YSM-in qiymətlərindəki fərqdir: "Neft məhsullarının qiymətlərində ciddi fərqlər mövcuddur. Son vaxtlar bizdə Aİ-92 benzin markasının 1 litrinin qiyməti 128 təngə, Rusiyada isə təxminən 160 təngə ($1 = 182 təngə) təşkil edir. Dizel yanacağının bir litrinin qiyməti bizdə 115 təngə, Rusiyada isə 170 təngədir. Bu qiymət fərqi ilə Rusiyanın belə bahalı neft məhsullarını almaq çox az şirkətlər və şəxslər üçün mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti