...

"Əsrin müqaviləsi" - 20 ildən artıq uğur

Energetika Materials 20 Sentyabr 2014 15:16 (UTC +04:00)
Neft-qaz sektoru Azərbaycan iqtisadiyyatında aparıcı rol oynayır. SSRİ-nin dağılması ilə ölkənin neft-qaz sektoru tənəzzülə uğradı.
"Əsrin müqaviləsi" - 20 ildən artıq uğur

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Emil İsmayılov, Trend-in icmalçısı

Neft-qaz sektoru Azərbaycan iqtisadiyyatında aparıcı rol oynayır. SSRİ-nin dağılması ilə ölkənin neft-qaz sektoru tənəzzülə uğradı. Amma müstəqilliyin əldə edilməsindən sonra Azərbaycan bu sahənin inkişafında böyük uğurlara nail oldu.

1994-cü il sentyabrın 20-də imzalanmış Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsini təklif edən "Əsrin müqaviləsi" bütün sahənin dirçəlməsinin əsasını qoydu və ölkənin quru və dəniz yataqlarının işlənməsi üzrə bir sıra müqavilələrin imzalanması üçün baza oldu.

Müqavilənin imzalanması və müasir neft-qaz sənayesinin yaranması Azərbaycanın inkişafının gələcək yolunu müəyyən etdi və öz iqtisadi modelinin qurulması üçün imkan yaratdı. Ölkəyə neft-qaz layihələrinin həyata keçirilməsinə sərmayələrin böyük axını Azərbaycan iqtisadiyyatının bütün sahələrinin gələcək inkişafı üçün əlverişli şərait yaradaraq onun gələcəkdə neft-qaz sektorundan asılılığını aradan qaldırdı.

Karbohidrogenlərin dünya bazarına ixracının təmin olunması məqsədilə nəqliyyat infrastrukturunun qurulması, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi üçün bütün zəruri addımlar atıldı. Bu kəmər Azərbaycan neftinin Aralıq dənizi sahillərinə çıxmasını təmin edir. Sonralar "Şahdəniz" qaz-kondensat yatağının istismarına başlandı və Azərbaycan qazını Gürcüstandan Türkiyəyə ixrac edən Cənubi Qafqaz qaz kəməri tikildi. Bununla da Azərbaycanın Avropa bazarlarına qaz ixracatçılarından birinə çevrilməsi üçün baza yaradıldı.

Ölkənin neft-qaz sektorunda yüksək nəticələrə nail olmaq üçün milyardlarla dollar sərmayə yatırıldı. Belə ki, AÇG və "Şahdəniz" layihələrinin, eləcə də BTC və Cənubi Qafqaz qaz kəmərinin operatoru olan BP şirkətinin Azərbaycan iqtisadiyyatının davamlı inkişafı barədə hesabatında deyilir ki, 1995-ci ildən 2013-cü ilədək göstərilən layihələrə əsaslı xərclərin həcmi 43,1 milyard dollar təşkil edib.

Göstərilən səylər öz bəhrəsini verdi və Azərbaycanın istehsal və ixracat göstəriciləri buna əyani sübutdur. Xüsusilə, AÇG blokunun istismarına başlanmasından bəri buradan 345 milyon ton neft və 100 milyard kubmetr qaz çıxarılıb. Məlumatlara görə, 2014-cü il sentyabrın 1-nə AÇG-dən satılmış neftin ümumi həcmindən 185 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşüb ki, bu da ölkə üçün milyardlarla gəlir deməkdir.

Lakin neftdən gələn gəlirlərin axını və Azərbaycanın neft-qaz sənayesindən tam asılılığı uğur göstəricisi deyil. Yalnız karbohidrogenlərin satışından əldə olunan vəsaitlərdən düzgün istifadə modeli ölkə iqtisadiyyatının uzunmüddətli perspektivdə davamlı inkişafını təmin edə bilər. Məhz bu məqsədlə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı ki, bu da iqtisadiyyata neqativ təsirlərin azaldılması, "holland sindromu"nun müəyyən dərəcədə qarşısının alınması, gələcək nəsillər üçün neft gəlirlərinin toplanmasının təmin edilməsi və cari sosial-iqtisadi prosesləri dəstəkləmək məqsədilə vəsaitlərin yığılmasını və fondun aktivlərinin xaricdə yerləşdirilməsini təmin etdi.

ARDNF-nin bu il sentyabrın 1-nə olan məlumatına görə, 2001-ci ilin əvvəlindən AÇG layihəsinin reallaşdırılması nəticəsində fonda 105 802 milyon dollar, "Şahdəniz" layihəsi çərçivəsində 2007-ci ildən 2014-cü il sentyabrın 1-dək 1 967 milyon dollar vəsait daxil olub. Lakin ARDNF-yə vəsaitlərin daxil olması təkcə bu layihələrlə məhdudlaşmır.

Beləliklə, imzalanması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi düşünülmüş və savadlı neft strategiyasının tərkib hissəsi olan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi siyasətini illər öncə müəyyən etdi. Ölkə özünün enerji təhlükəsizliyini tam təmin etdi və qlobal neft-qaz bazarında oyunçulardan birinə çevrildi.

Öz təbii resurslarının rasional istifadəsi yolu ilə Azərbaycanın, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin irəliləyən inkişafını təmin edilməsi, əhəmiyyətli infrastruktur obyektlərinin yaradılması, qeyri-neft sektorunun inkişafı, həmçinin mühüm ümummilli problemlərin həlli mümkün oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti