...

Neftin aşağı qiymətinə çarə iqtisadiyyatın şaxələndirilməsidir

Energetika Materials 20 Oktyabr 2014 15:48 (UTC +04:00)
Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ciddi ajiotaj yaradıb və bu azalmanın səbəbini izah edən xeyli sayda versiya doğurub.
Neftin aşağı qiymətinə çarə iqtisadiyyatın şaxələndirilməsidir

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Trend-in Rus xəbərlər xidmətinin rəhbəri Seymur Əliyev

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ciddi ajiotaj yaradıb və bu azalmanın səbəbini izah edən xeyli sayda versiya doğurub. Bazarın həddən artıq sıxlaşması və şist qazı hasilatının artmasından Rusiya iqtisadiyyatına təzyiq göstərmək üçün ABŞ və ərəb istehsalçıları arasında işbirliyinədək bir çox versiya var.

Hazırda istehsalçı ölkələrin büdcələrində xərclərin azaldılması yönündə düzəlişlər edilməsinin zəruriliyi barədə çox danışılır. Lakin mövcud vəziyyətə baxmayaraq, Azərbaycanın dövlət büdcəsinə yenidən baxmağa gərək yoxdur.

Bu il üçün ölkə büdcəsində neftin qiymətinin 1 barelə görə 100 dollar səviyyəsində nəzərdə tutulmasına, onun dünya bazarlarında dəyərinin azalmasına rəğmən, 9 ayın yekunu üzrə Azərbaycan neftinin orta illik qiyməti təqribən 109 dollar təşkil edir.

Ölkədə reallaşdırılan enerji layihələrinin rentabelliyi də əhəmiyyətli amildir və bu sahədə heç bir problem gözlənilmir. Bu onunla izah olunur ki, onlar neftin indiki dəyərindən xeyli az qiymətə nəzərdə tutulub və reallaşdırılıb və müvafiq olaraq onların rentabelliyi indi də olduqca yüksəkdir.

Bundan başqa, demək olar, bütün layihələr kapital qoyuluşları prosesindən keçiblər və onlara investisiya yalnız istismar xərcləri qismində yatırılır. Belə layihələr arasında "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi var.

"Şahdəniz-2" - Azərbaycan qazının Avropaya nəqli layihəsinin və bütün "Cənubi Qaz Dəhlizi"nin dəyərinə gəlincə, neftin qiymətinin aşağı düşməsi onun reallaşdırılması üçün zəruri olan xidmət və materialların qiymətinin də azalmasına gətirib çıxaracaq ki, bu da enerjidaşıyıcıların dəyərinin dəyişməsi şəraitində dərhal qiymət dəyişikliklərinə səbəb olacaq.

Lakin neftin qiymətinin dəyişməsi faktının özü, ilk növbədə, hasilatçı ölkələrin iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması zərurətini təsdiq edir. Hazırda bu proses Azərbaycan iqtisadiyyatının inkişafının əsas istiqamətidir.

Ölkədə daha çox kənd təsərrüfatı, nəqliyyat, turizm, yüksək texnologiyalar, tikinti materialları istehsalı və digər istiqamətlərə diqqət ayrılır. Ümumilikdə bu il Azərbaycanda "Sənaye ili" elan edilib.

İqtisadiyyatın şaxələndirilməsi, energetikadan asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı, enerji, ərzaq təhlükəsizliyinin maksimum təmin edilməsi ölkə iqtisadiyyatının davamlılığını xeyli artırmağa və onun durğunluğa və xarici bazarlarda dəyişikliklərə qarşı dayanmasına imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti