Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir H.Vəliyev/
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi elektron ticarətin portalının yaradılmasına başlayıb. Bu barədə nazirliyin məlumatında bildirilir.
Məlumata əsasən, işlər Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birgə həyata keçirilən "Özəl sektora dəstək" layihəsi çərçivəsində aparılır.
Layihənin əsas məqsədi sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının sərbəst bazara çıxışının təmin edilməsidir. Portal istifadəyə verildikdən sonra bu sahədə sahibkarlar, o cümlədən ictimaiyyət üçün təlimlər keçiriləcək.
Elektron ticarətin portalının yaradılması üzrə işlər Azərbaycan Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]