...

Azərbaycanda simsiz rabitənin növbəti inkişaf mərhələsi məlumatların ötürülməsi xidmətinin genişləndirilməsi olacaq - "Bakcell"in rəhbəri (MÜSAHİBƏ)

Telekommunikasiya Materials 23 May 2011 18:01 (UTC +04:00)
Trend-in "Bakcell" MMC-nin baş icraçı direktoru Riçard Şirerlə müsahibəsi
Azərbaycanda simsiz rabitənin növbəti inkişaf mərhələsi məlumatların ötürülməsi xidmətinin genişləndirilməsi olacaq - "Bakcell"in rəhbəri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir H.Vəliyev/

Trend-in "Bakcell" MMC-nin baş icraçı direktoru Riçard Şirerlə müsahibəsi

- Cənab Şirer, bizə məlumdur ki, Siz dünyanın iri telekommunikasiya şirkətlərində böyük idarəetmə təcrübəsinə maliksiniz. Güman edirik ki, Siz ilkin olaraq Azərbaycanın mobil rabitə bazarını öyrənmisiniz. Bununla əlaqədar Sizin bazarı necə qiymətləndirdiyinizi bilmək istərdik.

- Azərbaycanın telekommunikasiya bazarı kifayət qədər həyat qabiliyyətlidir. Hazırda bazarda 3 mobil rabitə operatoru fəaliyyət göstərir. Onların hər birinin öz yanaşması var və bazarda müəyyən pay sahibidirlər. Bakcell-in bazarda yaxşı imkanları var və həmişə öz fəaliyyətində innovativ yanaşmalardan istifadə edir. Təkcə son bir il ərzində biz mobil rabitə bazarındakı payımızı 35 faizədək artıra bilmişik. Əlbəttə ki, biz bununla kifayətlənmək fikrində deyilik və bundan sonra da bu göstəricini artıracağıq.

Biz öz fəaliyyətimizdə əsasən innovativ yanaşmadan istifadə edirik. Perspektiv baxımından biz hazırda tərəfimizdən göstərilən xidmətlərin siyahısının, xüsusilə də məlumatların ötürülməsi xidmətinin artırılmasını müzakirə edirik. Bu, heç şübhəsiz ki, fiksajlanmış və mobil telefoniya seqmentlərində öz təsirini göstərəcək.

Hazırda Azərbaycanda internet kifayət qədər dinamik şəkildə inkişaf edir. Lakin onun nüfuz səviyyəsi hələ ki əhəmiyyətli deyil. Buna görə də görünür ki, hazırda internet xidmətlərinə tələbat var. Güman edirəm ki, Azərbaycanın telekommunikasiya bazarı bundan sonra da bu istiqamətdə inkişaf edəcək.

- Hazırda Azərbaycanın mobil rabitə bazarı artıq 100 faizlik baryeri dəf edib. Bəs bundan sonra hansı mərhələ gələcək?

- Əlbəttə, sevindirici haldır ki, ölkənin mobil rabitə bazarı 100 faizlik baryeri dəf edib. Bu, bizim şirkətin də inkişafına müsbət təsir göstərir. Güman edirəm ki, simsiz rabitə bazarının növbəti inkişaf mərhələsi məlumatların ötürülməsi xidmətinin genişləndirilməsi olacaq.

İndi istehlakçıların çoxu internetə portativ qurğular vasitəsilə daxil olmağa üstünlük verirlər. Onların isə sayı kifayət qədər yüksəkdir və əlbəttə ki, biz məhz bu istifadəçi kateqoriyasına daha çox istiqamətlənəcəyik.

- Məlumdur ki, şirkət şəbəkənin tikintisini ötən il başa çatdırıb. 3G standartının aktuallığını nəzərə alaraq, güman edirik ki, şirkətin qarşısında duran başlıca məsələ köhnə baza stansiyalarının yeniləri ilə əvəzlənməsi olacaq. Bakcell-in şəbəkəsində neçə yeni nəsil baza stansiyası cəlb edilib?

- Biz şəbəkənin yeniləndirilməsi üzrə işlərə 2008-2009-cu illərdə başlamışıq. Aldığımız və quraşdırdığımız baza stansiyaları 2G və 3G rabitə standartlarını dəstəkləmək imkanına malikdirlər. Faktiki olaraq biz eyni qiymətə iki tip avadanlıq almışıq. Şəbəkəmizin imkanları məlumatların ötürülməsi xidmətini göstərməyə imkan verir və tərəfimizdən göstərilən EDGE xidmətindən hazırda respublikanın bütün ərazisində istifadə etmək olur.

Növbəti addım 3G standartına keçid olacaq. Hazırda biz şəbəkənin yenilənməsi üzrə işləri başa çatdırmışıq. İşlər əsasən lazımi proqram təminatının instalyasiyasından və baza stansiyalarının dəyişdirilməsindən ibarət olub.

Bu gün mən əminliklə deyə bilərəm ki, Bakcell-in bütün şəbəkəsi üçüncü nəsil standartında xidmətlərin göstərilməsinə hazırdır. Əsas məsələ isə tezlikləri və buna uyğun 3G şəbəkəsini işə salmaq üçün lisenziyanın olmasıdır. Çox ümid edirəm ki, artıq bu il biz onu ala biləcəyik.

- Siz operator kimi abonentləriniz tərəfindən simsiz rabitədən istifadənin səviyyəsini artırmaq üçün nə edirsiniz?

- Bu yaxınlarda biz CİN abonent bazasını pul tarif sisteminə keçirmişik. Güman edirəm ki, bu, abonentlər tərəfindən mobil rabitə xidmətindən istifadə sistemini daha çevik edəcək.

İnsanların mobil rabitədən daha fəal surətdə istifadə etmələri ilə yanaşı, stasionar xidmətin trafiki tədricən mobil şəbəkəyə keçəcək. Burada böyük xidmət gənc nəslə məxsusdur, belə ki, məhz onlar mobil şəbəkələr vasitəsilə ünsiyyətə daha çox üstünlük verirlər.

- Qiymət siyasəti mövzusuna toxunmaq istərdik. İnternet xidmətlərinin tariflərinin gələcəkdə azalacağını gözləməyə dəyərmi?

- Əlbəttə ki, biz gələcəkdə də mobil internet istifadəçiləri üçün yeni imkanlar təqdim edəcəyik. Hazırda tərəfimizdən məlumatların ötürülməsi bazarında təklif olunan tariflər kifayət qədər rəqabət qabiliyyətlidir. Biz daima bazarın bu seqmentinin və istifadəçilərin mobil internetə olan tələbatının araşdırmasını aparırıq. Əlbəttə ki, bizim tarif siyasətimiz qurulur.

- Bəzi rouminq tarifləri necə? Hansısa dəyişikliklər olacaqmı?

- Məlum olduğu kimi, bu gün Avropa bazarında rouminq xidmətləri diqqət mərkəzindədir və ciddi şəkildə tənzimlənir. Bu prinsipə digər ölkələrdə də əməl olunsa, güman edirəm ki, bu, dünyada bu xidmətin tariflərinin azalmasına səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti