...

Azərbaycanın informasiya təhlükəsizliyi bazarı 20 faiz artıb

Telekommunikasiya Materials 1 Sentyabr 2014 16:47 (UTC +04:00)
2013-cü maliyyə ilinin yekunlarına görə, Azərbaycanın informasiya təhlükəsizliyi bazarında artım 20 faiz təşkil edib.

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

2013-cü maliyyə ilinin yekunlarına görə, Azərbaycanın informasiya təhlükəsizliyi bazarında artım 20 faiz təşkil edib. Bu barədə Trend-ə "Symantec" şirkətinin MDB ölkələri və Gürcüstandakı tərəfdaşlarla iş üzrə meneceri Pavel Nazareviç məlumat verib.

Onun sözlərinə görə, şirkət cari maliyyə ili üzrə ("Symantec" şirkətinin maliyyə ili martın sonunda başa çatır) bazarın nisbətən daha nikbin artım proqnozlarına malikdir.

Şirkət son iki il ərzində Azərbaycanda təşkilatlara poçt və fayl sistemlərinin işini optimallaşdırmağa imkan verən arxivləşdirmə sistemlərinin tətbiqi üzrə iri layihələr həyata keçirib. P.Nazareviç deyib ki, məlumatların məxfiliyinin qorunması üzrə həllərin tətbiqi sahəsində uğurlar həm dövlət, həm də maliyyə sektorlarında əldə olunub: "Həmçinin ehtiyat köçürülmə və antivirus həllərinin satışı sahəsində yaxşı tendensiyalar müşahidə olunur".

Onun fikrincə, Azərbaycanda informasiya təhlükəsizliyinin hansısa renessansı başlayıb. Bazar xeyli müddət klassik antivirus həlləri və evristik siqnaturalar səviyyəsində informasiya təhlükəsizliyi problemləri ilə maraqlanırdı: "İndi əsas inkişaf tendensiyası maliyyə sektorundan gəlir. Həmçinin istənilən halda tələbin olacağı şəbəkə təhlükəsizliyi, məlumatların qorunması kimi sahələrin mövcud olduğu dövlət sektorunun uzunmüddətli inkişaf perspektivləri var. Bütovlükdə dinamika qənaətbəxşdir və hər il daha çox müxtəlif layihələr reallaşdırılır. Amma arxivləşdirmə sistemi və arxivlərdə axtarış bizim üçün əsas istiqamətdir ki, bu da informasiya təhlükəsizliyi sahəsində daha çox məsələləri həyata keçirməyə imkan verir".

P.Nazareviçin sözlərinə görə, Azərbaycan bazarı "Symantec" şirkəti üçün xüsusi əhəmiyyət kəsb edir. Ukrayna, Qazaxıstan və Belarus bazarları ilə yanaşı, Azərbaycanın informasiya təhlükəsizliyi bazarı da MDB-dəki strateji bazarların sırasına daxildir və "Symantec" şirkəti iki istiqamətdə - infrastruktur həlləri və informasiya təhlükəsizliyi həlləri üzrə nikbin artım planlarına malikdir.

Menecer qeyd edib: "Bir çox illər ərzində Azərbaycan bazarı ilə bağlı dəqiq strategiyamız olmayıb: "Hazırda biz inkişafa investisiyaların qoyulmasına başlamışıq. Demək olar ki, ötən ildən şirkətdə Azərbaycanda biznesin inkişafı ilə məşğul olan yeni komanda yaranıb. Hazırda işimiz həm brendin populyarlaşmasına, həm də sifarişçilərlə dəqiq işə yönəlib. Hazırda əməkdaşlıq kanalını seqmentləşdiririk və oktyabrda yeni sertifikatlaşdırılmış tərəfdaşlar meydana çıxacaq. Həmçinin tərəfdaşların pulu dəyişdiriləcək və üstünlük distribüterlərə veriləcək. Biz Azərbaycan bazarında dünyadakı bütün bu təcrübələri tətbiq etmək niyyətindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti