...

Əli Abbasov: Azərbaycan Estoniya ilə biznes əməkdaşlığının genişləndirilməsi ideyasını dəstəkləyir (FOTO)

Telekommunikasiya Materials 1 Oktyabr 2014 11:58 (UTC +04:00)
Azərbaycan hökuməti Estoniya tərəfi ilə əməkdaşlığın genişləndirilməsi ideyasını dəstəkləyir, eləcə də biznesin aparılması üçün əlverişli şəraitin yaradılmasına zəmin yaradacaq.
Əli Abbasov: Azərbaycan Estoniya ilə biznes əməkdaşlığının genişləndirilməsi ideyasını dəstəkləyir (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Azərbaycan hökuməti Estoniya tərəfi ilə əməkdaşlığın genişləndirilməsi ideyasını dəstəkləyir, eləcə də biznesin aparılması üçün əlverişli şəraitin yaradılmasına zəmin yaradacaq". Bunu Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Tallində Azərbaycan ilə Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclasında deyib. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Sentyabrın 30-da Tallində Azərbaycan ilə Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclası keçirilib.

Azərbaycanı iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə energetika və sənaye nazirinin müavini Natiq Abbasov, vergilər nazirinin müavini Sahib Ələkbərov, eləcə də Xarici İşlər, Sənaye və Energetika, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Mərkəzi Bankın və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) nümayəndələri daxil olublar.

Estoniya tərəfdən isə iclasda iqtisadi əlaqələr və infrastruktur naziri xanım Urve Palonun rəhbərlik etdiyi komissiya üzvləri iştirak ediblər.

Məlumatda deyilir ki, Azərbaycan və Estoniya respublikaları arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin əsasını iki ölkənin dövlət başçılarının 2009 və 2010-cu illərdə rəsmi səfərləri zamanı imzalanan bəyannamələr təşkil edir.

Razılaşmaların praktiki şəkildə həyata keçirilməsində mühüm alət ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyadır.

Məlumatda qeyd edilir ki, hökumətlərarası komissiyanın ikinci iclasında sənaye və energetika, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük rüsumu və vergilər, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Məlumatda bildirilir ki, iclasın yekunlarına dair Estoniya və Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri - Urve Palo və Əli Abbasov tərəfindən protokol imzalanıb.

Tərəflərin sənaye və energetika sahəsində əməkdaşlığa qarşılıqlı marağını nəzərə alaraq həm dövlət qurumlarının, həm də biznes dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti "e-Estonia Showroom" ən yeni texnologiyaların elektron təqdimatı binasında da olub. Burada Azərbaycan nümayəndə heyəti üçün Estoniyanın "Tehnopolis" Texnoloji Parkının təqdimatı keçirilib.

Bundan başqa, nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti vəzifəsi ictimai dialoq və demokratik idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olan "e-government Academy" Elektron İdarəetmə Akademiyasına da baş çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti