...

Bakıda "Sosial müdafiə sahəsində elektron xidmətlər" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb (FOTO)

Telekommunikasiya Materials 22 Oktyabr 2014 17:40 (UTC +04:00)
Bu gün Bakıda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.
Bakıda "Sosial müdafiə sahəsində elektron xidmətlər" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bu gün Bakıda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə "Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, iki günlük tədbirdə Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilarların, 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının, Azərbaycan Respublikasının dövlət orqanlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edirlər.

Beynəlxalq seminarda açılış nitqi söyləyən DSMF-nin sədri Elman Mehdiyev tədbirdə iştirak edən qonaqları salamlayaraq ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edən hərtərəfli inkişaf siyasəti barədə geniş məlumat verib: "Təməl prinsipləri ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çevik siyasət və çoxşaxəli fəaliyyət əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli ölkəmizdə yeni iqtisadi sistemə sürətli keçidi şərtləndirərək sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin edib. Bu əsasda bütün istiqamətlərdə islahatların vahid konsepsiya çərçivəsində qısa zamanda gerçəkləşdirilməsi Azərbaycanı ahəngdar inkişafa malik modern dövlətə çevirib, eyni zamanda, müasir qloballaşan dövrün ağır sınaqlarına və sosial-iqtisadi xüsusiyyətlərinə cavab verən tənzimləyici mexanizmləri formalaşdırıb".

Sonra Fond sədri müasir şəraitdə dünyada qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət almasında sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyalarının (İKT) mühüm əhəmiyyətindən danışaraq qeyd edib ki, İKT-dən geniş istifadə olunmasının ölkələrin inkişafında müstəsna rolu danılmaz reallıqdır. Müasir şəraitdə İKT-nin və elektron xidmətlərin sosial müdafiə sistemlərinin müasirləşdirilməsinə, bu sahədə davamlı innovativ tədbirlərin, genişmiqyaslı proqramların həyata keçirilməsinə, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına təsiri daim artmaqdadır.

O, Azərbaycanda İKT-nin davamlı və hərtərəfli inkişafı istiqamətində məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirildiyini qeyd edərək ölkəmizin bu sahədə mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

E.Mehdiyev daha sonra bildirib ki, İKT-nin uğurlu tətbiqi nəticəsində DSMF-nin bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqi tam inkişaf etdirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sosial birlik və sosial davamlılıq, sosial ədalətin təminatının Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin dinamik inkişafına xidmət edən siyasətinin mühüm tərkib hissəsi olduğunu deyərək, ölkədə əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsi, inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulması, əhaliyə xidmət sahələrində şəffaflığın təmin olunması sahəsində aparılan islahatlardan söz açıb. Nazir bu istiqamətdə əhəmiyyətli nailiyyətlərin əldə olunmasında İKT-nin və elektron xidmətlərin geniş tətbiqinin xüsusi rol oynadığını vurğulayıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə davamlı olaraq sosial islahatların həyata keçirildiyini qeyd edib: "Prezidentimiz İlham Əliyevin müəllifi olduğu sosial müdafiə modeli artıq onlarla dünya dövləti üçün örnək olub. Azərbaycanın bu modeli, bu təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən maraqla öyrənilir. Sevindirici haldır ki, bu sahə ilə məşğul olan dövlət qurumlarında elektron hökumət ideyasının gerçəkləşməsi istiqamətində ardıcıl addımlar atılıb, məmur-vətəndaş təması maksimum azaldılıb".

Azərbaycan Prezidenti Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev vətəndaşların pensiya təminatının Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyərək, son on il ərzində əldə olunan davamlı iqtisadi yüksəliş, həyata keçirilən islahatlar və sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinin ölkəmizdə sosial problemlərin həllində önəmli əhəmiyyətə malik olduğunu, pensiyaçıların rifah halının yaxşılaşmasına imkan yaratdığını vurğulayaraq Azərbaycanda sığorta-pensiya sistemində İKT-nin səmərəli tətbiqini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin edilməsi, vətəndaşlara səmərəli dövlət xidməti göstərilməsi üçün "ASAN xidmət" yaradılıb və bu, ən uğurlu modellərdən biridir. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan "ASAN xidmət"in təşkilində ən müasir İKT-nin tətbiqi xüsusilə diqqət mərkəzində saxlanılıb. "ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

BSTA-nın nümayəndəsi Raul Ruqqia-Frik söyləyib ki, elektron xidmətlərin tətbiqi dünya səviyyəsində sığorta-pensiya qurumları tərəfindən davamlı fasiləsiz xidmətlərin səmərəliliyi və effektivliyinin artırılmasını təmin etsə də, elektron xidmətlərin keyfiyyət və miqyasının genişləndirilməsi, bununla yanaşı mobil xidmətlərdən geniş istifadə və digər bu kimi məsələlərdən qaynaqlanan vacib çağırışları da gündəmə gətirir. Qeyd edilən məsələlərin beynəlxalq seminarın işində ətraflı müzakirə olunacağı nəzərdə tutulur. BSTA nümayəndəsi Azərbaycanda İKT və dövlət idarəçiliyində elektron xidmətlərin tətbiqi sahəsində görülən işlərdən, əldə olunan uğurlardan məlumatlı olduqlarını bildirərək vurğulayıb ki, tədbir həmçinin Azərbaycanın bu sahədəki təcrübəsi ilə tanışlıq məqsədi daşıyır.

Beynəlxalq seminarın "BSTA təlimatları vasitəsilə e-xidmətlərin həyata keçirilməsi" mövzusundakı ilk sessiyasında BSTA nümayəndəsi Assosiasiyanın İKT sahəsində təlimatları, elektron xidmətlərin tətbiqi üzrə tövsiyələri, Belçika nümayəndəsi öz ölkəsində sosial sektorda tətbiq olunan elektron xidmətlərlə bağlı geniş təqdimatlarla çıxış edərək tədbir iştirakçılarını əhatə olunan mövzularla bağlı məlumatlandırıblar.

Sonra sessiya Beynəlxalq Əmək Təşkilatının və DSMF-nin nümayəndələrinin də qatıldığı ətraflı müzakirələrlə davam edib.

Növbəti sessiya "İstənilən yerdə vətəndaşlarla interaktivliyin artırılması" məsələlərinə həsr olunub. Sessiyanın gedişatında Rusiya Federasiyasının nümayəndəsi ölkəsində pensiya təminatı sahəsində elektron xidmətlər, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi ünvanlı sosial yardım proqramının yeni avtomatlaşdırılması konsepsiyası, Hollandiya Sosial Sığorta Bankının nümayəndəsi bu ölkədə sosial təminat sahəsində müştəri əsaslı xidmətlərin göstərilməsində İKT və elektron xidmətlərin rolu, DSMF-nin nümayəndəsi isə Fondun elektron xidmətləri ilə bağlı təqdimatlarında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Sessiyanın davamında həmin mövzuda, habelə informasiya texnologiyaları üzrə sahəvi yanaşmalara dair məsələlərlə bağlı İKT sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlərin də işirakı ilə panel müzakirələr aparılıb və iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Oktyabrın 23-də seminar öz işini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti