...

Azərbaycan internetin nüfuz səviyyəsi üzrə mövqeyini yaxşılaşdırdı

Telekommunikasiya Materials 29 Oktyabr 2014 16:33 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) fərdi istifadəçilər arasında internetin nüfuz səviyyəsi üzrə reytinqində öz mövqeyini yaxşılaşdırıb.
Azərbaycan internetin nüfuz səviyyəsi üzrə mövqeyini yaxşılaşdırdı

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) fərdi istifadəçilər arasında internetin nüfuz səviyyəsi üzrə reytinqində öz mövqeyini yaxşılaşdırıb.

Trend xəbər verir ki, ITU-nin "State of Broadband Report 2014" araşdırmasına görə, Azərbaycan 191 ölkə arasında ötən illə müqayisədə 3 bənd yüksələrək 58,7 faiz göstərici ilə 63-cü yeri tutub. Respublika MDB ölkələri arasında Rusiyadan sonra ikinci yeri (56-cı yer) tutur.

Araşdırma ITU və UNESCO tərəfindən yaradılan Rəqəmsal İnkişaf üzrə Genişzolaqlı Rabitə Komissiyası (The Broadband Commission for Digital Development) aparılıb.

ITU-nun tədqiqatında Azərbaycan Belarusu (69-cu yer), Qazaxıstanı (70), Moldovanı (81), Ermənistanı (82), Ukraynanı (94), Özbəkistanı (100), Qırğızıstanı (121), Tacikistanı (137) və Türkmənistanı (154) qabaqlayır. Qonşu Gürcüstan 92-ci mövqedə qərarlaşıb.

Dünyada fərdi istifadəçilər arasında internetin nüfuz səviyyəsi üzrə orta göstərici 37,9 faiz təşkil edir.

Tədqiqatda deyildiyi kimi, ev istifadəçiləri arasında [inkişaf etməkdə olan ölkələr üzrə] Azərbaycan öz mövqeyini bir bənd yaxşılaşdıraraq 58,7 faiz göstərici ilə 24-cü yeri tutub. Bu göstərici üzrə Azərbaycan MDB ölkələri arasında birinci yerdədir. Orta dünya göstəricisi 29,9 faizə bərabərdir.

Azərbaycanın hər 100 sakin üzrə fiksə olunmuş genişzolaqlı internet göstəricisi 17 faiz (48-ci yer) təşkil edir. Ötən il ölkə isə bu göstərici üzrə 52-ci yerdə qərarlaşmışdı. Bu seqment üzrə orta dünya göstəricisi 9,4 faizdir.

Azərbaycan mobil genişzolaqlı internetin nüfuz dərəcəsi üzrə mövqeyini 43,9 faiz göstərici ilə 4 bənd yaxşılaşdıraraq 46-cı yeri tutub. Bu göstərici üzrə respublika MDB ölkələri arasında (Rusiya, Qazaxıstan, Moldova və Belarusdan sonra) beşinci yeri tutur. Bu seqment üzrə orta dünya göstəricisi 26,7 faizə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti