Azərbaycan, Bakı, 27 fevral /trend Capital, müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İrana qaz tədarükünü artırmaq üçün bu ilin payızına qədər Astaradakı kompressor stansiyasının yenidənqurulmasına dair işləri və Qazıməmməd-Astara qaz kəmərinin diametri 1200 millimetr olan 60 kilometrlik hissəsinin dəyişdiriməsini başa çatdırmaq niyətindədir. Bu barədə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev şənbə günü deyib.
"Biz böyük investisiya proqramı həyata keçiririk. Bu proqram ilə bu ilin payızına qədər biz Astaradakı qaz kompressor stansiyasının gücünü artıra bilərik. Həmçinin bu yay Qazıməmməd-Astara qaz kəmərinin yeniləşdirilməsi üzrə işlərə başlanılacaq. Burada diametri 1200 millimetr olan təxminən 60 kilometr boru kəmərinin əvəz edilməsi nəzədə tutulub", - Abdullayev deyib.
Onun sözlərinə görə, bütün bu tədbirlərin reallaşdırılmasından sonra Azərbaycan İrana sutkada beş milyon kubmetr qaz tədarük edə biləcək.
Gələcəkdə tələbat olsa, ARDNŞ İrana qaz tədarükünün həcmini artırmağa hazırdır.
Azərbaycan və İranı uzunluğu 1474,5 km olan "Qazıməhəmməd-Astara-Bind-Biand" qaz kəməri birləşdirir. Qaz kəmərinin Azərbaycan ərazisindəki hissəsinin uzunluğu 296,5 kilometrdir. Onun buraxılış gücü ildə 10 mlrd. kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Onun üzərində Qazıməmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 mm-dir.
Hazırda Azərbaycan İrana təxminən iki milyon kubmetr qaz tədarük edir. Bu həcmin 800 min kubmetri Naxçıvan Muxtar Respublikasında "swap" əməliyyatları çərçivəsində və 1,2 milyon kubmetr qaz isə imzalanmış qisamüddətli müqavilə çərçivəsində tədarük edilir.
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və NIGEC (İran Milli Qaz Şirkəti)yanvarın ilk yarısında Bakıda Azərbaycan qazının İrana tədarükünə dair qısamüddətli müqavilə imzalayıb. Müqavilə bu ilin mart-aprel aylarınadək 100 milyon kubmetr (sutkada 1,2 milyon kubmetr qaz) Azərbaycan qazının İrana tədarükünü nəzərdə tutur. Azərbaycan qazı İranın əsas yataqlarından uzaqda yerləşən şimal rayonlarına tədarük ediləcək.
Əvvəl ARDNŞ-nin rəhbəri İrana qaz ixrac etmək üçün yeni qaz kəməri inşa etmək barədə niyyətini elan edib.
Hazırda Səngəçal-Azadkənd-Astara yeni qaz kəməri layihəsi üzərində iş aparılır. Yeni qaz kəmərinin inşasına bu il başlanılması gözlənilir.
Yeni 200 kilometrlik qaz kəmərinin layihə üzrə sutkalıq ötürücülük qabiliyyəti 18 milyon kubmetr təşkil edəcək (illik 6,57 milyard kubmetr). Yeni qaz kəmərinin inşa edilməsi qərarının qəbul edilməsi onunla əlaqədardır ki, Azərbaycan və İranı birləşdirən mövcud qaz kəməri aşağı təzyiqli qaz nəqli üçün nəzərdə tutulub və bu da cənub istiqamətinə qaz ixracı həcminin artırılmasına imkan vermir.
Yeni qaz kəməri inşasının yekunlaşdırılması 2012-ci ilə planlaşdırılır. Qaz kəməri ARDNŞ-nin vəsaitləri hesabına inşa ediləcək.