Suriya Azərbaycan qazını Yaxın Şərq və Avropa ölkələrinə nəql etməyə hazırdır - nazir müavini Həsən Zeynəb

Energetika Materials 3 Mart 2010 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir Ü.Sadıxova/

Suriya və Azərbaycan perspektivdə Azərbaycan qazının digər Yaxın Şərq ölkələrinə ixracına dair saziş imzalayıblar. Bu barədə Trend -a çərşənbə günü telefonla Suriyanın neft və təbii ehtiyatlar nazirinin müavini Həsən Zeynəb məlumat verib.

Ötən gün Dəməşqdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə danışıqlar aparılıb. Nümayəndə heyətinə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) nümayəndələri də daxil olub.

Zeynəb deyib ki, Azərbaycan qazının nəqlinə Suriya və Türkiyə arasında birləşdirici qaz kəmərinin inşasından sonra başlanacaq. Bu, 2011-ci ilin əvvəlləri, 2012-ci ilin sonlarına planlaşdırılır. Bu ölkələr Hələb (Suriya) və Kilis (Türkiyə) arasında 63 kilometrlik qaz kəmərinin inşasını həyata keçirirlər.

Suriyanın neft və təbii ehtiyatlar nazirinin müavini qeyd edib ki, Azərbaycan qazının alınması dünya qiymətləri üzrə həyata keçiriləcək.

Onun sözlərinə görə, Suriya vasitəsilə Livan, İordaniya və digər ərəb ölkəsinə qaz nəqli mümkündür. "Suriya həmçinin Azərbaycan qazının Aralıq dənizi vasitəsilə Avropaya nəqlini həyata keçirməyə hazırdır", - Zeynəb deyib.

Suriya Prezidenti Bəşşar əl-Əsədin ötən ilin iyulunda Azərbaycana səfəri zamanı tərəflər bir milyard kubmetr qazın nəqlinə dair razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti