Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycan hökuməti və Cənubi Koreya ilin sonunadək Abşeron ərazisinin şoranlaşmış ərazilərinin təmizlənməsi və təmizlənmədən sonra yaşıllaşdırılması haqqında memorandum imzalamağı planlaşdırır. Bu barədə cümə günü Koreyanın ətraf mühitin müdafiəsi üzrə nazir müavini Honq Con Seok, Azərbaycanın ətraf mühitinin yaxşılaşdırılmasına dair əsas planın hazırlanmasına həsr olunmuş üçgünlük seminarın bağlanışında bildirib.
"Memorandum çərçivəsində həyata keçiriləcək bütün tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ili ekologiya ili elan etməsi ilə əlaqədar görüləcək işlərin bir hissəsi olacaq", - Seok deyib.
Onun sözlərinə görə, birgə tədbirlərin reallaşdırılması iki ölkənin hökumətləri arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə və Koreya təcrübəsinin Azərbaycanda mütəşəkkil istifadəsi üçün münasib şərait yaratmağa imkan verəcək.
Memorandum birgə tədqiqat aparmağı və ətraf mühitin müdafiəsi sahəsində prioritet istiqamətləri müəyyən etməyi nəzərdə tutur. Çirkab sularının təkrar istifadəsi, o cümlədən ərazilərin təmizlənmədən sonra yaşıllaşdırılması nəzərdə tutulur.
"Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla danışıqların yekunu olaraq, memorandum çərçivəsində bu məsələlərin həll olunması haqqında müqaviləyə nail olunub", - nazir müavini deyib.
Sok həmçinin deyib ki, 2008-ci ilin martında birinci seminarın keçirilməsindən sonra Azərbaycan və Koreya ekspertləri ətraf mühit sahəsində tədqiqat aparıblar, problemləri və onların həlli yollarını müəyyən ediblər.
Onun fikrincə, ətraf mühitin müdafiəsi sahəsində əsas istiqamətlərdən biri su mənbələrinin, su təminatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, o cümlədən atmosferin müdafiəsi və çirklənmiş torpaqların təmizlənməsinin təmin edilməsidir.
Hər iki tərəfdən olan ekspertlər bu istiqamətlərdə siyasət və idarə sistemlərinin yaxşılaşdırılması və bütöv sistemin tətbiq edilməsinə dair məsələləri müzakirə ediblər.
"Bütün bu məsələlər Azərbaycanda ətraf mühitinin yaxşılaşdırılmasına dair planın işlənməsinin əsasında durur", - koreyalı nazir müavini deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]