Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir N.İsmayılova/
Azərbaycan Vergilər Nazirliyinin operativ nəzarət tədbirlərinin yekununa görə, cari ilin yanvar ayı ərzində vergi ödəyiciləri tərəfindən 1496 vergi qanunvericiliyin pozulması faktı aşkarlanıb. Bu barədə nazirlikdən bazar ertəsi yayılan məlumatında deyilir.
Araşdırma dövrü ərzində 987 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 100 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilib. Keçirilən tədbirlər zamanı vergi orqanlarında qeydiyyata durmadan fəaliyyət göstərən 82 vergi ödəyicisi aşkar edilib, 221 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyən edilib.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 24 vergi ödəyicisində 24 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 146 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkar olunub.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 16 vergi ödəyicisində 9468,2 manat dəyərində 1406 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.
Fevralın 08-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.