...

Tehran və Ankara arasında Suriya inqilabı

Nəzər nöqtəsi Materials 13 May 2011 11:59 (UTC +04:00)
Suriyada Bəşər Əsəd hakimiyyəti ilə rejim əleyhdarları arasında baş verən qanlı toqquşmalar mahiyyət etibarilə inqilabın baş tutduğu digər ərəb ölkələrindən fərqlənmir.
Tehran və Ankara arasında Suriya inqilabı

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Suriyada Bəşər Əsəd hakimiyyəti ilə rejim əleyhdarları arasında baş verən qanlı toqquşmalar mahiyyət etibarilə inqilabın baş tutduğu digər ərəb ölkələrindən fərqlənmir.

Bir çox siyasi analitiklər Suriyada qiyamın başlaması ilə hakimiyyətin süquta uğrayacağını hesab etsələr də, hadisələrin uzanması Əsəd rejiminin ehtimal edildiyi qədər zəif olmadığını ortaya qoydu.

Səngimək bilməyən iğtişaşların qarşısını almaq üçün Prezident Bəşşar Əsəd ölkədə 1963-cü ildən davam edən fövqəladə vəziyyəti ləğv edərək, xalqa islahatların aparılacağını vəd etdi, aprelin 29-da isə hökümət istefaya göndərildi.

Ehtimallara görə, fövqəladə vəziyyətin ləğvi və hökümətin istefası ilə ölkədə sabitlik bərqərar olmalı idi. Lakin xalq hakimiyyətin bu "güzəşti" və gecikən islahatı ilə razılaşmadı və Bəşər Əsədin istefası tələb olundu.

Xalqla hakimiyyət arasında davam edən qarşıdurma ölkənin bir sıra böyük şəhərlərinə sıçradı.

Mərkəzi Londonda yerləşən Ərəb Şərq Strateji Araşdırmalar Mərkəzi (The Arab Orient Center for Strategic and civilization studies) baş verən hadisələrdə ölənlərin sayının 827 nəfər olduğu barədə açıqlama yaysa da rəsmi mənbələrdə ölənlərin sayı yüzü hərbçi olmaqla, 170 nəfər göstərilir.

Hadisələrin dramatik gedişatı və dinc əhali arasında ölənlərinin sayının getdikcə artması beynəlxalq təşkilatların Suriya əleyhinə tədbirlər həyata keçirməsi ilə nəticələndi.

Mayın 10-da Avropa İttifaqı Suriyaya qarşı ökəyə silah və hərbi texnikanın gətirilməsini, eyni zamanda iğtişaşlar zamanı dinc əhalinin qətlinə görə məsuliyyət daşıyan 13 vəzifəli şəxsin Aİ məkanına daxil olmasını qadağan edən sanksiya paketi qəbul etdi.

Digər tərəfdən, nədənsə Tunis, Misir və Liviya hadisələrində bu ölkələrin liderlərinə qarşı bəyanatlarla çıxış edən Ankara və Tehran öz fərqliliyi ilə seçilən Suriyada baş verən hadisələrə qarşı bir o qədər aktivlik nümayiş etdirmədilər.

Ən maraqlısı isə Tehranın Suriyada baş verən hadisələrə münasibəti oldu. Belə ki, İran siyasi müttəfiqinin ərazisində baş verənləri fitnə və düşmən dövlətlərin planı adlandırdı.

Əslində Suriyada hakimiyyətin dəyişməsi nə Tehranın, nə də Ankaranın maraqlarına uyğundur.

Ankara regionun demokratikləşməsində nə qədər maraqlı olsa da, Suriyada Bəşər Əsəd hakimiyyətinə ciddi alternativin olmaması Türkiyəni bu məsələdə daha ehtiyatlı davranmağa məcbur edir.

Bir çox siyasi analitiklər hesab edirlər ki, Suriyadakı çaxnaşmaların arxasında islamçı "Müsəlman qardaşlar" təşkilatı durur və Bəşər Əsədin getməsi ilə hakimiyyətə onlar gələcəklər. Lakin hadisələri diqqətlə izlədikdə "Müsəlman qardaşlar"ın Misirdən fərqli olaraq, Suriyada elə də ciddi siyasi gücə sahib olmadığını görmək olar.

Çünki 1982-ci ilin fevralında Suriyanın Həma şəhərində "Müsəlman qardaşlar"ın etirazlarına Hafiz Əsəd hökuməti vaxtında cavab verdi və bir neçə gün davam edən toqquşmalar zamanı Həmada 20 min islamçı qətlə yetirildi. Bununla da Suriyada "Müsəlman qardaşlar" öz siyasi gücünü itirdi.

Əsəd hakimiyyəti "Müsəlman qardaşlar"la əvəz olunsa belə, bu, Türkiyənin liberal islamçı hakimiyyətinin maraqlarına xidmət etməyəcək.

Çünki Suriya kimi etnik və dini tərkibi zəngin olan ölkədə zəif hökumətin mövcudluğu Türkiyə üçün təhlükə mənbəyidir.

Ankaranın ehtiyat etdiyi digər məqamlardan biri isə Suriyadakı kürd faktorudur.

Ankara üçün real təhlükələrdən biri Suriyada vəziyyətin nəzarətdən çıxması ilə PKK terror təşkilatının aktivləşərək qaçqın kimi Türkiyə ərazisinə mümkün keçididir.

Təbii ki, bütün bunları nəzərə alaraq, Ankara Suriya məsələsində sərt bəyanatlar verməkdən çəkinir. Lakin hadisələrin gedişatından asılı olaraq, gec-tez Türkiyə qonşu Suriyada baş verənlərlə əlaqədər Dəməşqə qarşı siyasətini yeniləmək məcburiyyətində qalacaq.

Tehranın Əsəd hakimiyyətini dəstəkləməsinə gəlincə isə, bunun Suriya kimi blokpostun itirilməsindən ehtiyatlanıldığı üçün edildiyini söyləmək olar.

Əslində Tehran çox gözəl bilir ki, Suriya qiyamı sadəcə, xalqın iradəsi deyil, eyni zamanda Fars körfəzinin digər dövlətləri tərəfindən planlı şəkildə dəstəklənilir. Çünki Suriya ərəb ölkəsi olsa da, siyasi elitası şiə müsəlmanlara daha yaxın olan ələvilərdən ibarətdir və digər ölkələrdən fərqli olaraq, İranla daha sıx əlaqələrə malikdir.

Ərəb ölkələrinin hədəfi isə nəyin bahasına olursa olsun, regionda sünni ərəb dünyasının kabusuna çevrilmiş İranın təsirini azaltmaqdır.

Baş verənlər onu söyləməyə əsas verir ki, ərəb inqilablarına nə qədər xalq inqilabları deyilsə də, region dövlətləri heç də həmişə xalqın iradəsini deyil, bir çox hallarda öz siyasi maraqlarını üstün tuturlar.

Xəbər lenti

Xəbər lenti