...

Afaq Məlikova: "Mən heç vaxt yerimdə sakit durmuram"

Cəmiyyət Materials 26 Aprel 2007 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /müx.Trendlife Eldar Hüseynzadə/ Azərbaycan Dövlət Rəqs Ansamblı mədəniyyət tarixində ayrıca yer tutur. Bu gün ansamblın 35 yaşı tamam olur. Adama elə gəlir ki, bu kollektiv həmişə olub. Rəqs ansamblı həmişə Azərbaycanın adını xaricdə yüksəklərə qaldırıb. Bu boyda məsuliyyətli işin arxasında isə incə bir xanım - Afaq Məlikova dayanır. Bu il kollektiv iki yubileyi reyd edir. Biri rəqs kollektivinin, o biri isə Afaq xanımın doğum günüdür. Başqa cür ola da bilməzdi. Çünki onlar özlərini bir- birindən ayrı təsəvvür edə bilmirlər. Biz Afaq Məlikova ilə müsahibəmizi onun ad gününə planlaşdırırdıq, lakin onun boş vaxtı olmadığından bu baş tutmurdu. Afaq xanım bu günlərdə bizimlə danışmağa vaxt tapa bildi. Müsahibəni belə başladı: "Bağışlayın, heç cürə sizinlə görüşə bilmirdim. Həmişə məşqlərdə, çıxışlardayıq. Bax, təzə Moskvadan gəlmişik, bir neçə gündən sonra Mingəçevirə qastrola gedəcəyik.

- Afaq xanım, gəlin sizin birinci addımlarınızdan başlayaq. Rəqsə necə başlamısınız?

- Rəqslə 5 yaşımdan məşğul oluram. Məni Pionerlər Evinin nəzdində olan rəqs dərnəyinə vermişdilər. Mənimlə gözəl müəllim Berta Adamovna məşqul olurdu. O vaxt çox yaxşı biliyim var idi və asanlıqla imtahan verib Xoreoqrafiya Məktəbinə qəbul olundum. Orda isə Leyla Bəkirova, Qəmər Almaszadə dərs deyirdilər. Onu da deyim ki, müəllim sarıdan həmişə bəxtim gətirib. Oxuduğum vaxtlarda klassik şöbə fəaliyyət göstərirdi. Xalq rəqsləri isə təzə-təzə yaranırdı. Mən artıq peşə məktəbini bitirmək üzrəydim, xalq artisti Əminə Dilbazi onun ansamblına keçməyimi təklif etdi. Əvvəl etiraz etdim. Gedəndə mənə dedi ki: "Səni gözləyirəm, gələrsən". Bu təklif barədə bir az fikirləşəndən sonra belə qərara gəldim ki, onu qəbul edim. Həm də məni klassik rəqslər çox da çəkmirdi. Beşinci sırada durmaqdansa birinci olmaq yaxşıdır.

- Düşünürsüz ki, sizdən balerina çıxmazdı?

- Yox. Mən balerina ola bilməzdim. Ansambla gələndə cavan idim. Hələ o vaxt işin tempinə məətəl qalırdım. O vaxtlar ansamblda Əlibaba Abdullayev, Roza Cəlilova, Tutu Həmidova kimi məhşurlar oynayırdı. Əlibaba Abdullayev mənə "Tərəkəmə" rəqsini verdi. Sevindiyimdən bilmirdim nə edim. Biz indiki Heydər Əliyev adına sarayda çıxış edirdik. 1975-ci ildə mənə əməkdar, 1978-ci ildə isə xalq artisti adı verildi. 1982-ci, ya 83-cü ildə Azərbaycan Dövlət rəqs ansambılının bədii rəhbəri oldum.

- Rəqqasələrin ailə qurmaları çətin olur. Ailə həyatı, yaradıcılıq həyatı. Siz belə problemlərlə rastlaşmamısınız?

- Mən ailə həyatını tez qurmuşam. 19 yaşımda. Həyat yoldaşım yaradıcılığıma heç vaxt etiraz etməyib. İki uşağım var. Nənəyəm, üç nəvəm var. Düzdür, arada olurdu ki, yoldaşım deyirdi, neynirsən işləməyi, evdə otur. Mən isə həmişə bu gün gedərəm, sabah, bir aydan sonra gedərəm deyə-deyə indiyə qədər rəqs ansamblına rəhbərlik edirəm. Öz işimi çox sevirəm. Heç vaxt evdə otura bilməzdim, bu, mənlik deyil.

- Deyilənlərə görə, siz səhnədən çox tez getmisiniz?

- İyirmi iki yaşında. Böyük bəstəkarlarla çalışırdım, özüm nömrələr qoymağa başlayırdım.

- Doğurdan, siz məhşur bəstəkarlarla işləmisiniz.

- Bəli. Tofiq Quliyevlə, Rauf Hacıyevlə, Eldar Mənsurovla, Cavanşir Quliyevlə. İndi isə qoyduğum rəqs üzərində musiqini sintez etmək istəyirəm. Axı artıq 21-ci əsrdir. İndi insanlara təmiz milli mahnı lazım deyil, onlara bir az müasirlik lazımdır. Deyək ki, səhnədə əsl döyüşdür. Hər yer yanmalıdır. Ümumiyyətlə bu rəqslər həmişə mənim üçün əsəbi olub. Səhnə arxasından izləyəndə elə bil ki, bütün bədənimdə qarışqa gəzir. Birdən səhv olar, həmkarına zərər gətirər. Biz bu nömrəni 5 ay məşq etmişik. Əvvəl xəncər əvəzinə taxtayla oynayırdıq. Get-gedə bizə xəncər verməyə başladılar ki, əlimiz öyrəşsin. Bundan başqa, biz yeni Qərb rəqsləri də təqdim etdik. Göbək rəqsi yox, klassik Qərb rəqsləri. Bizdə göbəyi açıq geyinib oynamırlar. Mən həmişə bunun əleyhinə olmuşam. Biz həmişə artistləri çox gözəl geyindiririk.

- Ansamblda seçim necə olur?

- Hər il biz 25-30 uşaqla məşğul oluruq. Onlardan 2-3 nəfərini seçirik.

- İndi gənc rəqqaslar pisdir, ya yaxşıdır?

- Olur ki, çox uğurlu alınır, olur da ki, əksinə. Həm də bizim müəyyən ştatımız var, ora çox adam qəbul edə bilmərik.Yer boşalan kimi tez gəncləri seçirik.

- Əgər Xoreoqrafiya Məktəbinin məzunu sizin ansambla düşə bilmirsə, başqa hara düşə bilər?

- Rəşid Behbudov adına Teatrda "Cəngi" mahnı və rəqs ansamblı var. Axı Xoreoqrafiyanın məzunları onsuz da Teatr İnstitutuna, başqa universitetlərə oxumağu gedirlər.

- Bu gün demək olarmı ki, sizin məktəb indikilərdən daha güclüdür?

- Yox, mən belə deməzdim. Məşqlərdə həm öyrədirəm, həm də dərs deyirəm. Mənim tələbələrim artıq xalq artisti adı alıblar. Bu, az nailiyyətlər deyil. Onların arasında Təranə Muradova, Tamilla Eldarova, Cəmilə Bayramova, Yusif Qasımov, Səbinə Qasımova və başqalarının adını çəkə bilərəm. Mən fəxr edirəm ki, bütün ustalığımı onlara öyrətmişəm.

- Cavanlarla işləmək çətin deyil ki?

- Elə vaxt olur ki, kollektivə tez öyrəşən olurlar. Bəzilərinə isə vaxt tələb olunur. Axı onlar o məktəblərdən gəlirlər ki, orda ancaq tələb olunur, ansamblda isə başqa cürdür. Rəqsi dayanmadan etmək lazımdır, bu da çox çətindir.

- Afaq xanım, siz ciddi müəllimsiz?

-Olduqca. Çoxu mənimlə danışanda elə bilir ki, çox ciddiyəm. Həyatda mən səhnədəki kimi deyiləm, əksinə, mülayim , həyatsevərəm. Sadəcə səhnə səhnədir. Mən özümə qarşı çox tələbkəram. Qayda-qanun mənim üçün hər şeydən üstündür. 45 illik səhnə həyatımda mən hələ bir dəfə də olsun gecikməmişəm. Ansamblda da vəziyyət belədir. Qayda-qanun birinci yerdədir. Məşqlər bizdə çox sakit keçir. Başa düşmük lazımdır ki, bizim də işimiz başqa işlər kimi ciddidir. İşdən gedə bilərsən. Afaq gedəcək, başqası gələcək. Qayda-qanun isə öz yerində qalmalıdır.

- Sizin uşaqlarınız yolunuzu davam etdirmədilər?

- Yox. Qızım Bülbül adına məktəbi bitirən kimi diplomunu mənə uzadıb dedi: "Bu da sənə diplom. Mən bu məktəbi sənə görə bitirdim." Sonra filologiya fakültəsinə daxil oldu. Oğlum isə hüquq fakultəsini bitirib. Heç nəvələrimin də rəqsə həvəsləri yoxdur.

- Siz çoxdan rəqs etmirsiniz, ancaq həmişə eyni formadasınız. Bunun sirri nədir?

- Mən təbiətən çox çevik adamam. Bir yerdə otura bilmirəm. Bundan başqa məşqlərdə ansamblla birlikdə rəqs edirəm. Altmış nəfərdən beşi sənin fikrini tutur, əlli beşinə başa salmaq lazımdır. O qədər iş olur ki, özün arzulayırsan ki, beş dəqiqə vaxt tapıb dincələsən. Bu boyda işin olmasına baxmayaraq, özümü çox xöşbəxt hiss edirəm.

Xəbər lenti

Xəbər lenti