...

Samux rayonunda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən dəstə zərərsizləşdirilib (FOTO)

Hadisə Materials 24 Aprel 2014 22:23 (UTC +04:00)
Gəncə və Goranboy sakinləri olan qrup üzvləri təkcə Samuxda iki mağazanı talayıb.
Samux rayonunda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən dəstə zərərsizləşdirilib (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Gəncə və Goranboy sakinləri olan qrup üzvləri təkcə Samuxda iki mağazanı talayıb. Onların ətraf şəhər və rayonlarda da bənzər cinayətləri törətmələri güman olunur.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, son 20 gün ərzində Samux rayonunda iki mağaza talanıb. Hər iki mağazaya eyni üsulla qapını sındırma yolu ilə daxil olan naməlum şəxslər oradan nəğd pul və qiymətli əşyalar oğurlayıblar.

İlk cinayət əməli Sərvan Nəsibova məxsus mağazada qeydə alınıb.

Daha sonra çrikin əməllərindən əl çəkməyən həmin şəxslər Cavanşir Hüseynova məxsus mağazanı da talayıblar. Mağaza sahiblərinin sözlərinə görə, cinayət hadisəsindən sonra onlara təxminən 8 min manat dəyərində maddi ziyan dəyib.

"Çöldən baxanda içəri görünürdü. Gördüm ki, piştaxta təmizdir. Gözə dəyəsi nə var hamısını yığışdırıblar. Elə o vəziyyətdə də polisə məlumat verdik",- mağaza sahibi Sərvan Nəsibov deyib.

Polisin araşdırması o qədər də uzun sürməyib. Keçirilən zəruri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlar Gəncə və Goranboy sakinləridir.

"Bunlardan ikisi Gəncə sakinləri Allahverdiyev Hüseyn və Məmmədov Anar, daha iki nəfər isə Goranboy şəhər sakinləri Seyidov Pərvin və Hüseynov Elçindir. Tərəfimizdən həmin şəxslər saxlanaraq istintaq qrupuna təhvil verilib", - Samux RPŞ-nin baş əməliyyat müvəkili Elşad Kərimov deyib.

Saxlanılan şəxslər törətdikləri cinayət əməlini səmimi etiraf ediblər.

Onların sözlərinə görə, cinayəti sərxoş halda və bəzi ehtiyaclarını ödəmək üçün törədiblər.

Dəstə üzvlərinin Samuxla yanaşı respublikanın başqa şəhər və rayonlarında da bənzər cinayətlər törətdiyi güman olunur. Hətta qrup üzvlərinin sayının artacağı da istisna deyil. Hazırda bu istiqamətdə əməliyyat istintaq tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti