...

Azərbaycanda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO)

Hadisə Materials 23 Avqust 2014 13:32 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat axtarış tədbiri həyata keçirərək külli miqdarda müxtəlif tərkibli narkotik maddəni dövriyyədən çıxarıb.
Azərbaycanda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat axtarış tədbiri həyata keçirərək külli miqdarda müxtəlif tərkibli narkotik maddəni dövriyyədən çıxarıb.

DİN mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş İdarənin Qərb bölgəsində Regional Şöbəsinə Tovuz rayon Əyyublu kəndində narkotik maddə plantasiyası becərilməsi barədə məlumat daxil olub.

Narkotik maddəni əkib becərməkdə şübhəli bilinən kənd sakini, 26 yaşlı Əli Əliyev nəzarətə götürülüb və o, 11 kiloqram qurudulmuş marixuananı 2 min ABŞ dollarına satarkən cinayət başındaca yaxalanıb. Saxlanılan şəxs bildirib ki, marixuananı özünə məxsus əkin sahəsində xüsusi aqrotexniki qaydalara uyğun becərib. Polis əməkdaşları Əli Əliyevə məxsus torpaq sahəsinə baxış keçirərkən kartof kolları arasında əkilmiş xeyli sayda çətənə kollarını da aşkar edərək maddi sübut kimi götürüblər. Əli Əliyev bildirib ki, çətənə kollarını bir neçə ay əvvəl satış məqsədilə əkib. Yığılan narkotik tərkibli bitkilər yandırılaraq məhv edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Bakı şəhərində keçirdiyi digər əməliyyat axtarış tədbiri nəticəsində 1 kiloqramdan çox heroin, tiryək və həşiş qatranı da qanunsuz dövriyyədən çıxarılıb. Biləsuvar rayonunda anadan olmuş 30 yaşlı Fuad Əzizov şübhəli şəxs qismində saxlanılıb və onun üstündən 350 qram tiryək aşkarlanıb. Saxlanılan şəxs tiryəki narkotik maddə alveri ilə məşğul olan tanışı Cavid Əsgərovdan aldığını bildirib.

Əməliyyat axtarış tədbirlərini davam etdirən Baş İdarə əməkdaşları Cəlilabad rayonunda anadan olmuş 32 yaşlı Cavid Əsgərovu da yaxalayıb. Saxlanılan şəxsin evindən və həyətyanı sahəsindən ümumi çəkisi 1 kiloqramdan çox olan tiryək, heroin və həşiş qətranı, eləcə də narkotik maddə çəkmək üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi də aşkar edilərək götürülüb. Cavid Əsgərov narkotik maddələri həbsxanada tanış olduğu İran vətəndaşından aldığını və həyətyanı sahəsində qazaraq torpağa basdırdığını bildirib.

Qeyd edək ki, hər iki şəxs əvvəllər də narkotik maddə satdıqları üçün məhkum olunub. Faktlarla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə iş açılıb, istintaq narkotik maddələrin mənbəyini və saxlanılan şəxslərin digər cinayət əməllərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti