Azərbaycan Parlamentində "Euronews" telekanalı ilə bağlı məsələ yenidən müzakirəyə çıxarıla bilər - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2010 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində "Euronews" telekanalı ilə bağlı məsələ yenidən müzakirə edilə bilər.

"Mən "Euronews" telekanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli və birtərəfli reportajın yayımının yenidən bərpasına çox təəssüf edirəm və parlamentin növbəti iclasında bu məsələ yenidən müzakirəyə çıxarıla bilər", - çərşənbə günü Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

Trend -un arayışı: "Euronews" telekanalı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli və birtərəfli mövqedən "Dağlıq Qarabağ - dəyişikliklər küləyi" adlı reportajı yenidən yayımlayıb.

Noyabrın 28-də "Euronews" telekanalında Mikael Rayhmanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli və birtərəfli mövqedən "Dağlıq Qarbağ - dəyişikliklər küləyi" adlı reportajı yayımlanıb. Azərbaycan tərəfinin narazılığından sonra film saytdan çıxarılıb.

Cənubi Qafqaz ölkələri arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddialarına görə yaranıb. Dağlıq Qarabağ və ona bitişik olan 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs əldə ediblər və indiyədək ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də səmərəsiz sülh danışıqları aparılır.

Mirzəzadənin sözlərinə görə, "Euronews" telekanalı ikili siyasət yeridir.

"Bu telekanal bir tərəfdən Azərbaycanın ədalətli mövqeyini göstərir, digər tərəfdən isə ermənilərin yalançı və böhtan iddialarını Avropa səviyyəsinə qaldırmağa çalışır", - o deyib.

"Onların öz mövqelərində nə dərəcədə prinsipial olduqları, nə dərəcədə Avropa obyektivliyini ortaya qoyduqları artıq tamamilə aydındır. Bu telekanalda Azərbaycanın mövqeyi işıqlandırılanda da xeyli qüsur və qeyri-dəqiqliyə yol verilmişdi", - millət vəkili əlavə edib.

Onun fikrincə, bu səbəbdən parlamentin iclaslarında bununla bağlı məsələnin yenidən qaldırılması mümkündür. "Ancaq bu gün Azərbaycanın mövqeyi, öz torpaqlarını işğaldan azad etmək addımları heç də "Euronews"-un hansısa bir reportajı ilə nə möhkəmlənəcək, nə də azalacaq. Biz istəklərimizə öz qüvvəmizlə çata biləcəyik. Bununla belə, telekanalın ikiüzlü siyasəti, onun hansısa şübhəli maraqları önə çəkməsi Avropanın obyektiv imicinə çox böyük zərbə vurur", - Mirzəzadə vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti