...

Təəssüf ki, fransız deputatlar erməni lobbisinin əlində alət olublar - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2011 11:21 (UTC +04:00)
Azərbaycan Fransa XİN-in mətbuat katibi Bernar Valeronun Fransa Milli Yığıncağının deputatlarının Dağlıq Qarabağa səfərinin rəsmi Parisin üzərinə heç bir öhdəlik qoymadığı və onun mövqeyini dəyişmədiyi barədə dünənki bəyanatını alqışlayır.
Təəssüf ki, fransız deputatlar erməni lobbisinin əlində alət olublar - Azərbaycan XİN

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan Fransa XİN-in mətbuat katibi Bernar Valeronun Fransa Milli Yığıncağının deputatlarının Dağlıq Qarabağa səfərinin rəsmi Parisin üzərinə heç bir öhdəlik qoymadığı və onun mövqeyini dəyişmədiyi barədə dünənki bəyanatını alqışlayır. Bunu çərşənbə günü Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev deyib.

"Çox təəssüf ki, cənab Tesye başda olmaqla, Fransa Milli Yığıncağının deputatları qərəzli maraq güdərək erməni lobbisinin əlində alət olublar", - Abdullayev deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa və qanuna hörmətin nümunəsi olan Fransanın nümayəndələrinin qanunsuz hərəkət edərək Bakını xəbərdar etmədən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməsi məyusedici haldır.

Bundan əvvəl bəzi KİV Fransa Milli Yığıncağının deputatları Gi Tesye, Jak Remile, Jorj Kolumbye və Valeri Buayenin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfər etmələri, eləcə də tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın rəhbərliyi ilə görüşdükləri haqqında məlumat yayıb.

Azərbaycanın Parisdəki səfirliyi fransız deputatların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Fransa XİN-ə etiraz notası təqdim edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in birinci katibi Elman Abdullayev məlumat verib.

"Fransa tərəfi rəsmən mövqeyini təsdiq edib. Mövqe ondan ibarətdir ki, bu səfər Fransa Milli Yığıncağının Milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri, "Xalq hərəkatı uğrunda İttifaq" parlament fraksiyasının üzvü Gi Tesyenin təşəbbüsü ilə həyata keçirilib. O, Marselin iki rayonunun meridir və orada erməni icması kompakt şəkildə yaşayır. 2012-ci ildə Fransanın qanunvericilik orqanına seçkilərin keçiriləcəyini nəzərə alaraq, Tesye xal toplamağa çalışır", - Trend-ə çərşənbə axşamı Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti