...

Elmar Məmmədyarov: Dağlıq Qarabağ probleminin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkündür (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Avqust 2011 17:50 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri bir daha bəyan edib ki, Dağlıq Qarabağ probleminin yalnız ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunması mümkündür.
Elmar Məmmədyarov: Dağlıq Qarabağ probleminin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkündür (FOTO)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Azərbaycanın xarici işlər naziri bir daha bəyan edib ki, Dağlıq Qarabağ probleminin yalnız ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunması mümkündür. Trend-in məlumatına görə, bunu nazir Elmar Məmmədyarov cümə axşamı Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent və Qrenada, Seyşel adaları, Syerra Leone, Şri Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələrini qəbul edərkən deyib.

Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və münaqişənin son vəziyyəti barədə qonaqlara ətraflı məlumat verən nazir Məmmədyarov münaqişənin həllində artıq beynəlxalq aləm tərəfindən status-kvonun saxlanılmasının qəbuledilməz olduğunu vurğulayıb. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Görüş zamanı nazir qonaqları salamlayaraq, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yol və bu il müstəqilliyinin bərpasının 20 illiyinin qeyd edildiyini qonaqların nəzərinə çatdırıb.

Məmmədyarov ölkənin enerji siyasəti, Avropa və dünya bazarının Azərbaycanın hidrokarbon ehtiyatları ilə təchiz edilməsi, qədim İpək Yolu üzərində qurulmuş nəqliyyat layihələri və Azərbaycanın bu layihələrdə iştirakı, Şərq və Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi və digər regional və beynəlxalq əhəmiyyətli layihələr haqqında qonaqları ətraflı məlumatlandırıb.

Nazir səfirlərin bu səfər zamanı ölkəmizin potensialı ilə yaxından tanış olmağa fürsət əldə etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü üçün irəli sürdüyü namizədliyinin dəstəklənməsinə çağırıb.

Xəbər lenti

Xəbər lenti